DÜNYA
Moldovanın xaricdə olan vətəndaşları ölkənin parlament seçkilərində iştirak edəcəklər
Kişineu, 26 noyabr, AZƏRTAC
Moldova Respublikasının (MR) xaricdə olan səsvermə hüququna malik vətəndaşları qabaqcadan qeydiyyatdan keçib-keçmədiklərindən asılı olmayaraq noyabrın 30-da parlament seçkilərində iştirak edəcək və açılmış seçki məntəqələrində səs verəcəklər. Bunu bu gün, noyabrın 26-da MR-in Mərkəzi Seçki Komissiyası (MSK) elan edib.
Xaricdə, o cümlədən Azərbaycanda olan səsvermə hüququna malik MR vətəndaşları bir dəfə səs verəcəklərini təsdiqləmək üçün seçki siyahısına daxil ediləcək ərizəni imzalamalıdırlar. Bundan başqa, xaricdə olan seçicilər qüvvədə olan pasport və ya vaxtı keçmiş pasport əsasında səs verə biləcəklər.
Noyabrın 30-da parlament seçkilərinin keçirilməsi üçün xaricdə 95 seçki məntəqəsi yaradılıb, onların ünvanlarını MR MSK-nın saytlarından tapmaq olar: www.cec.md və www.voteaza.md.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu