ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi yad edilib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülmüş akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları alimin I Fəxri xiyabandakı məzarını ziyarət edib, heykəlinin önünə əklil və gül dəstələri qoyublar.

İnstitutun akt zalında davam edən tədbirdə C.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, akademik İradə Hüseynova çıxışında alimin həyat yolu və elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, C.Əliyev elmi tədqiqatlarını 1951-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası şöbəsində, 1971-ci ildən isə AMEA-nın Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparıb.

O, akademikin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıldığını diqqətə çatdırıb.

C.Əliyevin 500-dən artıq yüksəkixtisaslı kadr hazırladığını deyən İ.Hüseynova akademikin şəxsən 85 namizədlik və 14 doktorluq dissertasiyasına elmi rəhbərlik etdiyini vurğulayıb.

Sonda akademik C.Əliyevin elmi fəaliyyətindən bəhs edən “Əbədi çıraq” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.