MƏDƏNİYYƏT


Monakonun “ARTHOUSE” jurnalı istedadlı gənc rəssam Aida Mahmudova haqqında yazır

A+ A

Paris, 28 iyul, AZƏRTAC

Monakoda nəşr olunan məşhur “ARTHOUSE” jurnalında istedadlı gənc rəssam Aida Mahmudova haqqında məlumat dərc edilib. Məlumatda gənc rəssamın bəzi əsərləri də yer alıb.

Yazıda Aida Mahmudovanın London Sent-Martin İncəsənət və Dizayn Kollecini bitirdiyi qeyd olunur. Rəssamın fəaliyyət dairəsinin geniş olduğu diqqətə çatdırılır. Onun bir çox instalyasiyaların, skulpturaların, foto və tabloların müəllifi olduğu vurğulanır. Bildirilir ki, rəssam üçün başlıca yaradıcılıq ilhamı mənbəyi sanki keçmiş haqqında xatirələrdir. Aida Mahmudovanın hər əsəri doğma şəhəri Bakıya sanki zərif nostalji hissi ilə işlənir. Göz önündə daim dəyişən şəhər mövzusu da rəssamın yaradıcılığında öz yerini tutur, məhz bu mövzu paytaxtın inkişaf edən şəhər peyzajı perspektivini müəyyən edir. Artıq zəngin sərgi təcrübəsi olan Aida Mahmudovanın əsərlərinin 56-cı Venesiya Biennalesində “Vita Vitale” qrup sərgisində nümayiş etdirildiyi diqqətə çatdırılır.

Bildirilir ki, istedadlı rəssamın heykəltəraşlıq instalyasiyaları və tabloları Londonda “Here Today”, 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not”, “Fly to Baku”, Parisdə, Berlində, Moskvada, Romada keçirilən beynəlxalq sərgilərdə, eləcə də Bakıda Müasir İncəsənət Muzeyində (“Birləşən körpülər” - “Merging Bridges”) nümayiş etdirilib.

Gənc rəssamın sonuncu fərdi sərgisi “Elysium”un böyük əks–səda doğurduğu diqqətə çatdırılır, bu sərgidə onun əsrarəngiz botanika bağı mühitini yaratdığı bildirilir.

Aida Mahmudovanın YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri olduğu, milli incəsənəti ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ etdiyi barədə oxuculara məlumat verilir.

Yazı jurnalın elektron variantında da yayılıb.

Jurnalda, həmçinin gənc rəssam Niyaz Nəcəfovla müsahibə dərc olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.