REGİONLAR
Monitorinq: “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb
Bakı, 24 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə “quş qripi” xəstəliyinə görə ölkə ərazisində aparılan növbəti monitorinq başa çatıb.
DBNX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.
Vurğulanıb ki, “quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl, 15 baş ev quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2431 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı kəskin infeksion xəstəliyə və xəstəlikdən tələf olma hallarına rast gəlinməyib.