İQTİSADİYYAT
Monitorinqlər nəticəsində 50-dən artıq torpaq sahəsinin münbit qatının daşınması hallarının qarşısı alınıb
Bakı, 3 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən monitorinqlər nəticəsində bir sıra ərazilərdə torpaqların üst münbit qatının daşınması hallarının qarşısı alınıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, keçirilən monitorinqlər kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları ilə bağlı olub. Qobustanda keçirilən monitorinq komitənin müfəttişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Bu monitorinqlər zamanı bir neçə ərazidən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağırtonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə qarşı protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.
Belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.
Torpaqların münbit qatının daşınması hallarına respublikanın Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının ərazisində, eləcə də cənub bölgəsində daha çox rast gəlinib. Belə halların qarşısının alınması ilə bağlı da respublikanın müxtəlif bölgələrində davamlı monitorinqlər keçirilir.
Ümumilikdə, bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq torpaq sahəsinin münbit qatının daşınması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, aşkar edilən qanun pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib, torpaqların üst münbit qatının daşıyan avtomobillər aidiyyəti rayonların polis şöbələrinə tədbir görülməsi üçün təhvil verilib.
Torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, bu hal torpaqların yüz illər ərzində formalaşan üst münbit qatının korlanmasına, torpaq kütləsi götürülməklə yararsız hala düşməsinə, ona bitişik torpaq sahələrinin eroziyaya uğramasına, maili ərazilərdə sürüşmə prosesinin yaranmasına səbəb olur. Torpaqlardan heç bir hüquqi əsas olmadan qeyri-qanuni istifadə halları, habelə təyinatına zidd istifadəsi torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır.
Bütün bu tədbirlərin məqsədi torpaqlardan istifadədə səmərəliliyin təmin edilməsi, bu sahədə qanunazidd hərəkətlərin müəyyən edilərək qarşısının alınması, torpağın yararlılığını qoruyub saxlamaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi bu istiqamətdə işləri gücləndirilmiş rejimdə davam etdirəcək. Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı torpaq müfəttişləri tərəfindən mütəmadi monitorinqləri və torpaq reydləri aparılacaq. Bundan başqa komitə bu sahədə qanunazidd hərəkətlərinin azaldılması və qarşısının alınması məqsədilə maarifləndirici, təbliğat işlərini də genişləndirəcək.