SİYASƏT
“Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə Novruz şənliyi keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Kanadada fəaliyyət göstərən “Monreal Türk Mədəniyyət Mərkəzinin” təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində respublikamızın, Türkiyə, Qazaxıstan səfirliyinin təmsilçiləri, Kanada federal parlamentinin üzvləri, Kvebek əyalətinin nazirləri və parlamentinin deputatları, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, bu ölkədə yaşayan türkdilli xalqların nümayəndələri və yerli qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan xalqlarının özünəməxsus Novruz adətləri barədə məlumat verilib və bu ölkələr haqqında tanıtım xarakterli videoçarxlar nümayiş olunub.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək tədbiri Kanadada multikulturalizmin göstəricisi kimi dəyərləndirib, Novruzun bu bayramı qeyd edən bütün xalqlara məxsus olduğunu bildirib. R.Hüseynli Novruzun əsas fəlsəfəsinin xalqlar və mədəniyyətlər arasında körpü və dialoq yaratmaq olduğunu söyləyib. O vurğulayıb ki, Novruzun Azərbaycanda və digər ölkələrdə sevilməsinin əsas səbəblərindən biri bu bayramın təkcə təbiətin canlanması ilə deyil, xalqlar arasında birlik, bərabərlik və ədalətin təcəssümü ilə bağlıdır.
R.Hüseynli Novruzun 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunduğunu, eləcə də 2010-cu ilin fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasının hər il martın 21-nin Beynəlxalq Novruz Günü elan edilməsi barədə qərarını xatırladaraq Azərbaycanın bu beynəlxalq təşəbbüslərdə daim fəal rol oynadığını bildirib.
Tədbirdə Azərbaycanın özünəməxsus Novruz adətləri barədə məlumat verilib. Sovet İttifaqı illərindəki təzyiq və qadağalara baxmayaraq, Azərbaycan xalqının bu bayramı hər zaman əziz tutduğu vurğulanıb.
Sonra 2011-ci ildən Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri xalq mahnılarımızı və milli rəqslərimizi ifa ediblər. Həmçinin Monrealda fəaliyyət göstərən “Savalan” rəqs qrupu Azərbaycan milli rəqslərini nümayiş etdirib.
Tədbirdə, həmçinin Türkiyənin Kanadadakı səfiri Ünal Çevik, bu ölkənin federal parlamentinin üzvü Maria Murani, Kvebek əyalətinin immiqrasiya naziri Katlin Veil və Qazaxıstan səfirliyinin Kanadadakı müşaviri Daniyar Seidaliyev çıxış ediblər.
Bayram tədbirində qonaqlara Azərbaycanın və digər xalqların milli mətbəxinin ləziz nümunələri təqdim olunub.