SİYASƏT
Monteneqro ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb VİDEO
Podqoritsa, 1 noyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bu ölkənin ictimai radio və televiziya xidmətinə geniş müsahibə verib.
Oktyabrın 18-nin xalqımız üçün əlamətdar gün olduğunu bildirən Anar Əcəmov Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında ətraflı məlumat verib. Müşavir Azərbaycanın 25 il ərzində bir çox sahələrdə müxtəlif uğurlara imza atdığını diqqətə çatdırıb. Bildirilib ki, ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, cəsarətli qərarlar qəbul edərək hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulması və inkişafında əvəzsiz xidmətlər göstərib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin, Monteneqronun müstəqilliyinin isə 10 illiyinin qeyd olunduğunu vurğulayan diplomat bunun xalqlarımızın tarixi uğuru olduğunu deyib. O, müstəqilliyin qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirib.
Ölkəmizdəki multikulturalizm ənənələri barədə məlumat verən diplomat qeyd edib ki, Azərbaycanda tarix boyu müsəlman, xristian, yəhudi və digər dinlərin, həmçinin millətlərin nümayəndələri birgə dinc yaşayıblar. Diplomat azərbaycanlıların qonaqpərvərliyi, ölkəmizdə hökm sürən əmin-amanlıq və sabitlik barədə məlumat verib. Multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini deyən A.Əcəmov multikulturalizmin ayrı fənn kimi ölkəmizin ali təhsil ocaqlarında tədris olunduğunu qeyd edib.
Azərbaycanın mədəniyyəti barədə sualı cavablandıran A.Əcəmov mədəniyyətimizin qədim tarixə malik olduğunu bildirib. Diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə ətraflı məlumat verib. O, eyni zamanda, Fondun xalqımızın, o cümlədən dünya xalqlarının tarixi-mədəni irslərinin qorunub saxlanılması işinə verdiyi töhfələrdən, xeyriyyəçilik sahəsindəki fəaliyyətindən danışıb. A.Əcəmov Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə dünyanın müxtəlif yerlərində, o cümlədən Balkan ölkələrində həyata keçirilən beynəlxalq layihələrdən söhbət açıb.
Diplomat müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bu günədək pozulması faktlarından bəhs edib. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün səylərini davam etdirdiyini bildirib.
Həmçinin müsahibədə Azərbaycan və Monteneqro arasında dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və inkişaf perspektivlərindən danışılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa