QAN YADDAŞI


Monteneqro portalı: “20 Yanvar 1990-cı il: Azərbaycan tarixinin şərəfli səhifəsi”

A+ A

Budapeşt, 19 yanvar, AZƏRTAC

Monteneqronun populyar CDM xəbərlər portalında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin “20 Yanvar 1990-cı il: Azərbaycan tarixinin şərəfli səhifəsi” adlı məqaləsi verilib.

Məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, bu faciə çökməkdə olan şər imperiyasının dinc xalqımıza qarşı törətdiyi amansız cinayət faktı idi. Sovet ordusu silahsız və günahsız insanlara öz gücünü, əslində isə əsl simasını, xislətini göstərdi.

Vurğulanır ki, həmin vaxt Azərbaycan informasiya blokadasında olduğuna görə nə qədər çalışsa da, haqq səsini beynəlxalq ictimaiyyətə çatdıra bilmirdi. Belə bir çətin zamanda xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını ciddi təhlükə altına ataraq heç bir təzyiq və təhdidlərə məhəl qoymadan 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib faciəyə kəskin etirazını bildirmişdi. SSRİ-nin paytaxtında bu cür bəyanatla çıxış etmək böyük cəsarət və fədakarlıq tələb edirdi.

Qeyd edilir ki, Bakıda törədilmiş bu qanlı cinayət sovet ordusunun 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada, 1989-cu ildə Tbilisidə və daha sonra Vilnüsdə törətdiyi cinayətlərin davamı və mahiyyətcə eynisi idi. Həmin gecə Azərbaycan xalqı şəhidlər verdi, lakin sınmadı. Həmin gecə imperiya öz vətəndaşları sayılan dinc insanlara qarşı terror törətdi, lakin xalqın iradəsini qıra bilmədi. Əksinə, getdikcə daha geniş vüsət alan milli-azadlıq hərəkatı mövcud imperiyanın süqutunu tezləşdirdi və bu şərəfli mübarizə 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Müstəqilliyin bərpasında 20 Yanvar şəhidlərinin rolu danılmazdır.

Məqalədə deyilir: “Amma elə həmin il, yəni, 1990-cı il oktyabrın 15-də Norveç Nobel Komitəsi 1990-cı ildə sülh üzrə Nobel mükafatının Sovet İttifaqının prezidenti Mixail Qorbaçova verilməsinə dair qərar qəbul etdi. Cinayət, cəzasızlıq və təltif?! Bunu necə başa düşməli: haqsızlığın, ədalətsizliyin təntənəsi, yoxsa ikili standartlarla idarə olunan müasir dünyamızın acı reallığı kimi? Bu, taleyin kinayəsidir.

Beynəlxalq hüququn oyuncağa çevrildiyi bir dövrdə məhz bu “prinsiplər”lə yaşamağa məcburuq. Görünür məşhur “Şah qanun deyil, qanun şahdır” deyimi beynəlxalq hüquq normalarının tənəzzül etdiyi və ikili standartlarla idarə olunan müasir dünyamızda başqa cür səslənir, yaxud yeni məna kəsb edir: “Qanunlar fövqəldövlətlər üçün deyil, fövqəldövlətlərin özləri qanundur!”

Müəllif vurğulayır ki, Azərbaycan xalqı əsrlərboyu qəlbində yaşatdığı milli istiqlal istəyini öz vətənpərvər və fədakar oğullarının qanı bahasına gerçəkləşdirib. Odur ki, azad və müstəqil yaşamaq bu xalqın halal və qanuni haqqı, 1990-cı ilin 20 Yanvar tarixi isə bu mənada milli tariximizin şərəfli səhifəsidir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.