QAN YADDAŞI
Monteneqro xəbər portalında Xocalı haqqında məqalə dərc olunub
Podqoritsa, 26 fevral, AZƏRTAC.
Monteneqronun böyük oxucu auditoriyasına malik olan cdm.me internet xəbər portalında yerli icmalçı Branka Peyoviçin “Nə üçün 26 fevral tarixi Azərbaycanda böyük önəm daşıyır — Xocalı şəhərində soyqırımı törədildiyi gün” başlıqlı məqaləsi dərc edilib (https://cdm.me/svijet/bliski-istok/dan-kada-je-ucinjen-genocid-u-gradu-hodzali/).
Məqalədə Azərbaycan xalqının uzaq keçmişdə olduğu kimi, yaxın keçmişdə də müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması uğrunda mübarizədə böyük əzablar yaşadığı qeyd edilib. “Bu soyqırımı 25 və 26 fevral 1992-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilib. Azərbaycan xalqı 26 fevral tarixini Xocalı soyqırımı və milli matəm günü olaraq qeyd edir. Sözügedən tarixdə Azərbaycan xalqına qarşı törədilmiş ən şiddətli cinayətlərdən biri baş verib”, - deyə B.Peyoviç yazır. İcmalçı məqaləsində erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının yalnız həmin şəhərin əhalisinə deyil, eləcə də insanlığa, bütün sivilizasiyalara və beynəlxalq sülhə qarşı yönəldiyini qeyd edib.
B.Peyoviç məqaləsində Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkəsi olması faktının onu hər zaman müstəqillik uğrunda çətin mübarizələrlə qarşılaşdırdığını vurğulayıb. Eyni zamanda, məqalədə İslam dünyasında ilk dəfə dünyəvi və demokratik dövlətin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və iki il sonra xalqın müstəqillik əzminin yenidən boğulduğu qeyd edilib.
Qeyd edək ki, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-dən etibarən Monteneqronun Podqoritsa, Budva və Herseq Novi şəhərlərində Xocalı soyqırımını əks etdirən bilbordlar və panellər yerləşdirilib. Eyni zamanda, Monteneqronun müxtəlif şəhərlərinin mərkəzi yerlərində əhaliyə Monteneqro dilində Xocalı soyqırımı haqqında xüsusi hazırlanmış məlumat vərəqələri paylanılıb. Sözügedən bilbord və panellər martın 1-dək saxlanılacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa