SİYASƏT


Monteneqroda keçirilən tədbirdə Azərbaycanın 25 illik müstəqillik tarixindən danışılıb

A+ A

Podqoritsa, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin və “Azmont Investments” şirkətinin təşkilatçılığı və dəstəyi ilə Podqoritsa şəhərindəki “18 oktyabr” məktəbində dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilən bayram tədbiri təşkil olunub.

Tədbirdə Monteneqronun Baş nazirinin müavini Petar İvanoviç, hökumətin, Təhsil Nazirliyinin, diplomatik korpusun və yerli KİV-in nümayəndələri iştirak ediblər.

Nümayəndəliyin müşaviri Anar Əcəmov tədbirdə çıxış edərək bu günün xalqımız üçün əlamətdar gün olduğunu bildirib, Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə müxtəlif uğurlara imza atdığı, bu dövr ərzində ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, cəsarətli qərarlar qəbul edərək hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulması və inkişafında əvəzsiz xidmətlər göstərdiyi bildirilib. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Diplomat “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu əlamətdar tarixin ölkə daxilində və xaricdə təntənəli şəkildə qeyd olunduğunu bildirib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Petar İvanoviç və məktəbin direktoru Danka Mixayloviç Azərbaycan-Monteneqro münasibətlərinin dinamik şəkildə inkişaf edərək qısa müddət ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib və Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıblar.

Sonra məktəblilərin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, Monteneqro dilində çapdan çıxmış Azərbaycanın uşaq şeirlərindən ibarət “Sevinc qaynağı” kitabı təqdim olunub.

Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.