ELM VƏ TƏHSİL
Monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verilib
Podqoritsa şəhərindəki “18 oktyabr” məktəbində Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə nümayəndəliyin əməkdaşları monteneqrolu müəllimlərə və şagirdlərə Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan ilə Monteneqro arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələr inkişaf edir. Monteneqronun Baş naziri Milo Cukanoviçin cari ilin sentyabrında Azərbaycana səfəri zamanı imzalanmış təhsil sahəsində əməkdaşlığa dair saziş bu sahədə əlaqələrin genişlənməsinə töhfə verir. Cari ildə ilk dəfə Azərbaycanın ADA Universitetində Monteneqrodan üç tələbənin də təhsil alması məmnunluq doğurur.
Sonra məktəblilər Azərbaycanın dövlət himnini və milli musiqilərini səsləndirib, Monteneqro dilinə tərcümə edilmiş Azərbaycan uşaq şeirlərindən nümunələr oxuyublar.
Sonda şagirdlərə nümayəndəlik tərəfindən hədiyyələr təqdim edilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa