İQTİSADİYYAT
Monteneqronun “Vjesti” qəzeti “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisindən yazır
Podqoritsa, 3 aprel, AZƏRTAC
Monteneqronun “Vjesti” qəzetinin saytında Azərbaycanda keçirilən “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində bu ölkənin təmsil olunması ilə bağlı yazı yerləşdirilib.
Məqalədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ölkələrimiz arasında turizm sahəsinin genişlənməsinə və gələcək inkişafına müsbət təsirini göstərəcək. Belə ki, cari ildən etibarən Monteneqroya xeyli sayda azərbaycanlı turistlərin səfər etməsi gözlənilir. Yazıda Monteneqronun Milli Turizm Təşkilatının bəyanatına istinadla qeyd edilir ki, cari il iyunun 25-dən etibarən həftədə iki dəfə olmaqla Bakı-Podqoritsa-Bakı birbaşa uçuşları həyata keçiriləcək.
Sərgi ilə bağlı məlumatların yer aldığı məqalədə bildirilir ki, Monteneqro stendini ziyarət edənlər bu ölkənin turizm imkanları, yerli turizm təşkilatları, eləcə də mədəniyyəti, mətbəxi, incəsənəti ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa