DÜNYA
Montredə “altılıq” ölkələri və İran arasında görüş konstruktiv olub
Bakı, 6 mart, AZƏRTAC
İsveçrənin Montre şəhərində Tehranın “nüvə proqramı” ətrafında “altılıq” ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) və İran arasında martın 5-də başa çatan danışıqlar “faydalı və konstruktiv olub”.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının xarici siyasət xidməti çıxış edib. Danışıqlar zamanı müəyyən irəliləyişə və bir çox məsələlərdə daha yaxşı anlaşılmaya nail olduqlarını qeyd edən Avropa İttifaqının xarici məsələlər və siyasi təhlükəsizliyə dair ali nümayəndəsi Federika Mogeri “altılığın” qalan problemlər üzrə işləri davam etdirəcəyini və yaxında yenidən görüşəcəklərini də bildirib.
İran nümayəndələri isə gərgin işləri davam etdirdiklərini, irəliləyişin olduğunu, lakin bununla yanaşı, danışıqlar üçün ayrılan vaxtın iyunun sonlarında başa çatacağını nəzərə almağın vacibliyini vurğulayıblar. Onlar, həmçinin danışıqların növbəti mərhələsinin martın 15-20-nə planlaşdırıldığını və lazım olacağı təqdirdə bir qədər də uzadıla biləcəyini deyiblər.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayında “altılıq” ölkələri və İranın xarici işlər nazirləri Vyanadakı görüşdə Tehranın “nüvə proqramı” barədə razılaşmanın əldə olunması müddətini 2015-ci il iyunun axırına qədər uzatmağı qərara alıblar. Buna baxmayaraq, tərəflər martın axırına qədər mübahisəli məsələlərlə bağlı prinsipial siyasi razılaşmalara nail olmağı düşünürlər.