İQTİSADİYYAT
Moody's Azərbaycanda aktual kredit risklərini təhlil edib
Bakı, 25 may, AZƏRTAC
Moody's agentliyi Bakıda keçirdiyi illik konfransında Azərbaycanda və regionda aktual kredit risklərini təhlil edib.
“PAŞA Bank”dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə agentliyin ekspertləri makroiqtisadi şəraitə, həmçinin son zamanlar Azərbaycan və region iqtisadiyyatında baş vermiş dəyişikliklərə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Maliyyə sektoruna bu və ya digər qaydada təsir göstərmiş tendensiyaları qiymətləndirməklə agentliyin analitikləri maliyyələşdirmə mənbələrinin müxtəlifliyi, MDB ölkələri üçün valyuta risklərinin aktuallığı və digər mövzuları müzakirə ediblər.
Konfrans çərçivəsində dünya neft bazarında dəyişkənlik və aşağı qiymətlərin Azərbaycanın biznes iqliminə və bank sektorunun inkişafına təsiri məsələlərinə həsr edilmiş müzakirələr paneli keçirilib. “PAŞA Bank”ın risklərin idarəedilməsi üzrə baş direktoru Mənsur Məmmədov hökumətin həyata keçirdiyi bir sıra iqtisadi təşəbbüslərin artıq ölkənin işgüzar iqliminə və ümumiyyətlə, iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini deyib.
“Hazırkı makroiqtisadi şərait iqtisadiyyatın qeyri-neft sektorunun, fərdi olaraq kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyaları, turizm kimi sahələrin inkişafı üçün geniş üfüqlər açır. Risklərin idarəedilməsi də daxil olmaqla müvafiq sahələrdə geniş təcrübəyə və peşəkarlığa malik “PAŞA Bank”, öz növbəsində, real sektorun etibarlı tərəfdaşı simasında çıxış etməyə hazırdır”, - deyə M. Məmmədov vurğulayıb.
Tədbirdə Dünya Bankının, bank və sığorta sektorlarının, investisiya idarəçiliyi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri, müstəqil məsləhətçilər iştirak edib.