SİYASƏT
Moşe Bekker: Azərbaycanın dövlət təsisatlarının fəaliyyəti siyasi, dini və ictimai sabitliyin təmin olunmasına yönəlib
Bakı, 22 dekabr, AZƏRTAC
Yəhudi Xəbərlər Agentliyi (YXA) Bakıda keçirilən “Dövlət ilə din arasında münasibətlər və vətəndaş cəmiyyəti” mövzusunda konfransa həsr olunmuş “Bir daha siyasət və din haqqında” sərlövhəli material yerləşdirib.
Materialda deyilir ki, tədbir Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil edilib.
Konfransda DQİDK-nın, Milli Məclisin, dini icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sayt yazır: “Konfransın əsas qayəsini aydın şəkildə formalaşdıran Azərbaycan DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bütün ölkələrdə fəaliyyət göstərən bəzi dairələr öz çirkin siyasi məqsədlərinə çatmaq üçün dindən istifadə etməyə çalışırlar. Məsələn, islam dünyasında belə dairələrin insanları fəlakətə sürükləyən əməllərinin acınacaqlı nəticələrini görürük”.
Materialda daha sonra deyilir: ”DQİDK-nın başçısı vurğulayıb ki, Azərbaycan dövləti ölkədə ictimai-siyasi vəziyyəti din pərdəsi altında pozmağa çalışan dairələrin planlarını zərərsizləşdirmək üçün vətəndaş cəmiyyəti və dini icmalar ilə əməkdaşlıqda maraqlıdırlar”.
Tanınmış yəhudi tarixçisi və analitiki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi əməkdaşı Moşe Bekker YXA-ya müsahibəsində deyib: “Azərbaycanın dövlət təsisatlarının fəaliyyəti respublikada siyasi, dini və ictimai sabitliyin təmin olunmasına yönəldilib. Azərbaycanın dini icmaları, ictimai qurumları və ziyalıları ölkədə sülh və sabitlik, insanların rifahı naminə dövlət ilə həmfikir olmalıdırlar. Yaxşı ki, bu mövzu konfransda bir daha səsləndi”.