ELM VƏ TƏHSİL
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir
Bakı, 18 aprel, AZƏRTAC
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MDBƏU) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün üç yer ayrılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 19-dan 26-dək (şənbə və bazar günləri istisna olmaqla) bu qurumda təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (Ünvan: Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1M).
Müsabiqədə iştirak etmək hüququna mayın 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə aprelin 30-da keçiriləcək qəbul imtahanında iştirak edən (qəbul imtahanı rus dilində verilməlidir), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) dörd və beş olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2017-ci ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
2. Şəxsiyyət vəsiqəsi;
3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.
Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə abituriyentlər DİM tərəfindən aprelin 30-da keçiriləcək II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edirlər. Beynəlxalq iqtisadi əlaqələr və beynəlxalq münasibətlər ixtisasına qəbul olunmaq istəyənlər II ixtisas qrupu üzrə, beynəlxalq hüquq ixtisasına qəbul olunmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.
Müsahibə mayın 16-da saat 14.00-da DİM-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq. Müsabiqədə ən yüksək nəticə göstərən üç nəfərin namizədliyi MDBƏU-ya ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.
İkinci mərhələ MDBƏU tərəfindən Moskvada cari il iyulun 12-də və 14-də aparılacaq. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədənkənar test imtahanında iştirak etməlidirlər. Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qəbul olunanlardan orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiqlənmiş tərcüməsi, milli pasportun surəti, 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil, xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış, döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi, tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat, sifilis müayinəsinin nəticəsi, VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat tələb olunacaq.