SİYASƏT


Moskva Forumu: MDB media məkanında münasibətlərin yeni formatı hazırlanmalıdır

A+ A

Moskva, 19 oktyabr, AZƏRTAC 

Moskvada MDB-nin yaradılmasının 25 illiyinə həsr edilmiş “Rusiyanın milli mətbuatı və MDB: tale və məkan bağlılığı” mövzusunda konfrans keçirilib. Forumda tanınmış jurnalistlər, baş redaktorlar, iqtisadiyyat, mədəniyyət, siyasət sahəsində ekspertlər, Birlik ölkələrinin hökumət orqanlarının təmsilçiləri və biznes nümayəndələri iştirak ediblər. Azərbaycanı konfransda “Bakinski raboçi” qəzetinin baş redaktor müavini İlqar İsmayılov və “Lider TV”nin Rusiya bürosunun rəhbəri Anar Həsənov təmsil edib.

Konfrans Moskva Jurnalistlər İttifaqının, MDB İcraiyyə Komitəsinin və Ümumdünya Rus Mətbuatı Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev öz çıxışında ötən 25 ildə Birlik dövlətlərinin həyatının bütün sahələrini əhatə edən inteqrasiyanın inkişafının əsas nəticələrindən danışıb. Vurğulayıb ki, MDB dövlətlərinin liderləri qarşılıqlı əlaqənin bu alətinə tələbat duyulduğunu, Birliyin gələcəkdə möhkəmləndirilməsinin, bərabərhüquqlu, qarşılıqlı səmərəli maraqları nəzərə alan tərəfdaşlığın inkişafının zəruriliyini dəfələrlə qeyd ediblər.

Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutski Moskva Dövlət Universitetinin bazasında Avrasiya İqtisadi İttifaqı şəbəkə universitetinin yaradılması planlarından danışıb. Şəbəkə universiteti təkcə Avrasiya inteqrasiyası üçün deyil, həm də bütövlükdə MDB-nin gələcək inkişafı üçün kadrlar hazırlayacaq. Leonid Slutskinin sözlərinə görə, universitetin elmi rəhbəri Sergey Narışkin olacaq.

MDB iştirakçı ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB media məkanında münasibətlərin yeni formatının hazırlanmasının vacibliyini vurğulayıb. Onun fikrincə, KİV MDB ölkələrində baş verənlərə kifayət qədər diqqət ayırmır. M.Şvıdkoy deyib: “Bu gün bir-birimizə, bir-birimizin məlumatına sadəcə çox böyük tələbat var”.

“Lider TV”nin Rusiya bürosunun rəhbəri Anar Həsənov jurnalistlər üçün onlayn-resurs formasında Azərbaycan-Rusiya platformasının yaradılmasının zəruriliyi barədə fikirlərini söyləyib. Onun fikrincə, bu onlayn-resursda hər iki ölkənin peşəkar jurnalistləri işləyə və əməkdaşlıq edə bilərlər.

“Azərbaycan və Rusiyanın maraqlarını təsadüfi adamların təmsil etməsi yolverilməzdir. Şəxsi maraqlar güdən jurnalistlər Rusiya və Azərbaycanın tarixi missiyasını və strateji əlaqələrini şübhə altına qoyacaqlar. Onlar dövlət və federal telekanalların efirindən istifadə edərək ümumi informasiya meydanında qarşıdurma trendini gücləndirirlər. Bu cür subyektlərin fəaliyyəti regionda inteqrasiya prosesinə, sülh və sabitliyə birinci zərbəni vuracaq”, - deyə A.Həsənov qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişə zonasında aprel qarşıdurmasını xatırladaraq əminliklə deyib ki, son dərəcə təhrif edilmiş və bəzən münaqişə tərəflərindən birinin xeyrinə məqsədyönlü şəkildə saxtalaşdırılmış məlumat alan auditoriya haqlı olaraq bunu Rusiya dövlətinin mövqeyi kimi qəbul edir, nəticədə Rusiyanın vasitəçilik missiyasına kölgə düşür. Bu mənada həmin yalançı vətənpərvərlər ilk növbədə Rusiyanın imicinə böyük zərbə vururlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.