DÜNYA
Moskva birjasında avronun məzənnəsi 60 rublluq psixoloji həddi keçib
Bakı, 28 noyabr, AZƏRTAC
OPEC-in qərarı neftin qiymətini Rusiya üçün kritik həddə enməsinə səbəb olub. Valyuta birjaları da bu qərara dərhal reaksiya verib və rublun məzənnəsi kəskin surətdə aşağı düşüb. Moskva birjasında avronun kursu ilk dəfə olaraq 60 rublluq psixoloji həddi keçib, dollar isə 48,60 rubla qədər bahalaşıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, OPEC-in Vyanada keçirdiyi iclas ərəfəsində təşkilata daxil olmayan Rusiya və Meksika nümayəndələri Venesuela və Səudiyyə Ərəbistanı təmsilçiləri ilə görüşdə neft hasilatının koordinasiya olunmuş şəkildə azaldılmasına cəhd göstərsələr də, bu, nəticəsiz qalıb.
Gəlirinin yarısı neft və qaz ixracından asılı olan Rusiya büdcəsi gələn il Brent markalı neftin barrelinin 100 dollardan aşağı olmayacağını güman edir. Qeyd edək ki, Rusiyanın Urals markalı neftin qiyməti Brent markalı neftin qiymətindən sıx surətdə asılıdır.
Bir qədər əvvəl ölkə iqtisadiyyatının Qərbin sanksiyaları və neftin ucuzlaşması səbəbindən 140 milyard dollar itirdiyini bildirən Rusiyanın maliyyə naziri Anton Siluanov artıq büdcə siyasətinin neftin yeni qiymətlərinə uyğunlaşmalı olduğunu qeyd edib.