CƏMİYYƏT
Moskva metrosunda qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). Moskva metrosunda qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, faciə ilə əlaqədar çərşənbə günü Moskvada matəm elan ediləcək.
Fövqəladə Hallar Nazirliyinin və həkimlərin verdiyi məlumata görə, qəzadan sonra 129 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 42 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
İyulun 15-də Moskva metropoliteninin “Slavyanskiy bulvar” və “Park Pobedı” stansiyaları arasında metro qatarının üç vaqonu relsdən çıxıb. Moskva meri Sergey Sobyanin bildirib ki, metroda qəzanın baş verməsində təqsirkarları cinayət məsuliyyəti və işdən qovulma gözləyir.
Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib ki, istintaq Moskva metrosunda qəzanın səbəbi kimi bir neçə versiyanı nəzərdən keçirir. Bu versiyaların hamısı texniki xarakter daşıyır, terror aktı əlamətləri yoxdur.
Metroda qəzanın səbəbi kimi gərginliyin kəskin dəyişməsi versiyası təsdiqlənmir. Markin qəza ilə bağlı iş üzrə şübhəli şəxslərin tezliklə aşkar olunacağını istisna etmir.