SİYASƏT
Moskvada 28 May - Respublika Günü münasibətilə təntənəli qəbul olub VİDEO
Moskva, 29 may, AZƏRTAC
Mayın 28-də Moskvada Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təntənəli qəbul olub. Qəbul ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirin rəsmi hissəsini açaraq bildirib ki, Respublika Günü azərbaycanlılar üçün fərəhli və işıqlı bayramdır. O vurğulayıb ki, bu günün bayram edilməsi Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan-Rusiya münasibətlərindən söhbət açan P.Bülbüloğlu bildirib ki, dövlətlərimiz arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bunu həm iki ölkənin prezidentlərinin əlaqələri, həm də hökumətlər səviyyəsində əlaqələr təsdiq edir. Səfir bu günlərdə Moskvada keçirilən Rusiya- Azərbaycan parlamentlərarası əməkdaşlıq komissiyasının iclasını və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun RF-yə səfərini xüsusi qeyd edərək vurğulayıb ki, bütün bunlar iki ölkə arasında qarşılıqlı etimada söykənən münasibətlərin sürətlə inkişaf etdiyini göstərir.
P.Bülbüloğlu Bakıda qarşıdan gələn Avropa Oyunlarına hazırlıq işlərindən də söz açaraq bütün idmançılara uğur və qələbə arzulayıb.
Sonra söz Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasinə verilib. O bildirib ki, ölkələrimiz iqtisadi əlaqələri inkişaf etdirir, beynəlxalq işlərdə uğurla qarşılıqlı fəaliyyət göstərirlər. Q.Karasin deyib: “Rusiyada Azərbaycanın bugünkü sanballı nailiyyətlərini, onun müasir iqtisadiyyat yaratmaq işində, sosial dəyişikliklər sahəsində uğurlarını dostyana rəğbət hissi ilə izləyirlər”. Rusiyalı diplomat yüksək səviyyədə qarşılıqlı etimada söykənən dialoqun, ticari-iqtisadi, hökumətlərarası və regionlararası münasibətlərin, iki ölkənin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun böyük əhəmiyyətini vurğulayaraq deyib: “Moskva və Bakı Qafqaz-Xəzər regionunun sülh və çiçəklənmə zonasına çevrilməsində eyni dərəcədə maraqlıdır. Bu da bizim hər hansı regional problem, o cümlədən ən mürəkkəb regional problemlər üzərində birlikdə işləməyimizə imkan verəcək. Beynəlxalq məsələlərdə Bakının müstəqil kurs yeritməsinə Rusiyada böyük hörmətlə yanaşırlar. Sizin xarici diktata qarşı möhkəm olmağınız, lüzumsuz şərtləri ölkəyə qəbul etdirmək, onun müstəqilliyini məhdudlaşdırmaq səylərini rədd etməyiniz xoşumuza gəlir”. Q.Karasin vurğulayıb ki, iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada söykənən əlaqələr, şəxsi səmimi münasibətlər bu münasibətlərin bütün kompleksinə müsbət təsir göstərir.
Azərbaycanı qarşıdan gələn Avropa Oyunları münasibətilə təbrik edən Rusiya xarici işlər nazirinin müavini əmin olduğunu bildirib ki, bu mötəbər yarışlar dünya miqyaslı dostluq bayramına çevriləcək.
Sonra Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) təsis etdiyi Heydər Əliyev adına ənənəvi mükafatın təntənəli təqdimetmə mərasimi keçirilib. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Rusiya ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına əhəmiyyətli töhfələrinə görə bu yüksək mükafata layiq görülən laureatları təqdim edib.
Bu il Heydər Əliyev adına mükafata aşağıdakı şəxslər layiq görülüblər: Rusiya XİN-in Diplomatiya Akademiyasının rektoru Yevgeni Bajanov, Rusiya, Azərbaycan və Qırğızıstanın Əməkdar İncəsənət Xadimi, Beynəlxalq Yaradıcılıq Akademiyasının vitse-prezidenti Janna Dozortseva, Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronov, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanova, Əməkdar İdman Ustası, Rusiyanın Əməkdar Məşqçisi Yuri Kuznetsov.
Sonra bayram gecəsi Azərbaycan incəsənət ustalarının iştirak etdiyi maraqlı konsert proqramı ilə davam edib.
Respublika Günü münasibətilə təntənəli qəbulda bir sıra ölkələrin Moskvadakı səfirləri, Rusiya hakimiyyətinin bütün qollarının, ictimai-siyasi və mədəni dairələrinin yüksək vəzifəli nümayəndələri, Rusiya ictimaiyyətinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva