İQTİSADİYYAT
Moskvada “Aeroportlarda yerüstü xidmətlər” mövzusunda beşinci beynəlxalq konfrans və sərgi keçiriləcək
Tədbir çərçivəsində Rusiyanın və MDB-nin aeroport və aviaşirkətlərinin nümayəndələri yerüstü xidmət sahəsində yeni texnologiyalar və idarəçilik qərarları ilə tanış olmaq, bu sahənin normativ nizamlanması və maliyyələşdirilməsinin aktual məsələlərini müzakirə etmək, həmçinin təcrübə mübadiləsi aparmaq və yeni tərəfdaşlarla işgüzar münasibətlər qurmaq imkanı əldə edəcəklər.
“Yerüstü xidmətin nizamlanmasının hüquqi məsələləri”, “Aeroportlarda yerüstü xidmətlər üçün İT həlləri”, “Hava gəmisinin donması əleyhinə işlənmə texnologiyaları” və s. konfransın əsas mövzularıdır.
Tədbirin təşkilat komitəsindən bildirmişlər ki, konfransda Azərbaycanı “Silk Way Ground Handing” şirkətinin baş direktoru İlqar Ələkbərov təmsil edəcək. Təşkilatçıların fikrincə, Heydər Əliyev beynəlxalq aeroportu “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə hazırlıq zamanı əsaslı şəkildə yenidən qurulub. Belə geniş miqyaslı beynəlxalq kütləvi tədbirlər keçirilən vaxt yüklənmənin əhəmiyyətli dərəcədə artması ölkənin hava qapısından səlis və dəqiq işləyən sistemə malik yerüstü xidmət tələb edir.
İlqar Ələkbərov “Aeroportlarda yerüstü xidmətlər” mövzusunda beşinci beynəlxalq konfrans və sərgi çərçivəsində Azərbaycanın ən böyük aeroportunda yerüstü xidmətin təşkili zamanı modelin seçilməsindən danışacaq. Məruzədə bahalı proqram təminatı və xüsusi İT qərarlar arasındakı tarazlıq, xidmətlərin autosorsinq üstünlüklərinin və xüsusi texniki xidmət mərkəzinin təşkilinin təhlili kimi məsələlərə toxunulacaq.
Qeyd edək ki, tədbir Rusiya Hava Nəqliyyatı İstismarçıları Assosiasiyasının dəstəyi ilə “Events” avtonəqliyyat təşkilatı” şirkəti tərəfindən təşkil edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva