İQTİSADİYYAT
Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində işçi qrupların görüşü keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Moskvada keçirilən görüşdə Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibində İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar və baytarlıq xidmətlərinin və ölkəmizin Rusiyadakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Rusiya tərəfi isə işçi qrupunun rəhbəri, kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor), Federal Gömrük Xidmətinin, Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının və "Rosselxozbank"ın nümayəndələri ilə təmsil olunub.
Görüşdə Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə ət və süd məhsulları istehsal edən Azərbaycan şirkətlərinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə, həmçinin bu ölkədə ət və süd məhsulları istehsal edən şirkətlərin ölkəmizdə aparılan müvafiq reyestrə daxil edilməsi, meyvə-tərəvəz məhsullarının ixracının həcminin artırılması üçün qonşu ölkənin bazarına ixrac prosesində daha əlverişli şəraitin yaradılması, hər iki ölkədə verilən fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin elektron qaydada həyata keçirilməsi prosesinin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq, müvafiq orqanların qarşılıqlı əməkdaşlığının aparılması müsbət qiymətləndirilərək, daha da genişləndirilməsi məqsədəuyğun hesab edilib.