CƏMİYYƏT
Moskvada “Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib
Moskva, 23 fevral, AZƏRTAC
Rusiya İctimai Palatasında “Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi və Rusiya İctimai Palatasının birgə təşkil etdiyi tədbir Azərbaycan-Rusiya humanitar əlaqələrinin 25 illiyinə həsr olunub.
Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov Mərkəzin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan danışıb, Azərbaycan diasporunun üzvlərinin Rusiyanın ictimai-siyasi həyatına inteqrasiyasının vacibliyini vurğulayıb.
“Dəyirmi masa”nın moderatoru, Rusiya İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xaricdə yaşayan həmvətənlərlə iş komissiyasının sədri Yelena Sutormina bəzi destruktiv xarici qüvvələrin səylərinə baxmayaraq, Rusiyada xalqlar arasında dostluğun qorunub saxlanmasının vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan və Rusiya gəncləri arasında dostluq münasibətlərinin yaradılmasının əhəmiyyətindən danışıb.
Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Andrey Xudoleyev millətlərarası münasibətlərdə yaranan problemləri xalqların bir-birinin tarixi və mədəniyyəti barədə az məlumatlı olması ilə bağlayıb, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi üçün görülməli işlərdən söhbət açıb.
Şair Andrey Dementyev Azərbaycanda hökm sürən dini dözümlülük və multikulturalizm şəraitindən danışaraq bu mühitin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O qeyd edib ki, hələ SSRİ dövründə Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan-Rusiya dostluq və mədəniyyət günləri təşkil olunurdu. A.Dementyev belə mədəni tədbirlərin keçirilməsinə geniş yer verilməsini təklif edib.
Sonda Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin ictimai əlaqələr üzrə əlaqələndiricisi Ramil İsmayılov Azərbaycanın diaspor təşkilatlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü deyib. O, Azərbaycanın müsbət imicinin Rusiya ictimaiyyətində və Rusiyanın müsbət imicinin Azərbaycan ictimaiyyətində formalaşdırılması üçün birgə tədbirlərin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva