SİYASƏT


Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş gecə keçirilib VİDEO

Moskva, 13 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş gecə keçirilib. Tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri Ulu Öndərin xatirəsini yad etmək üçün Azərbaycan səfirliyinə gəlmişdilər.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli liderinin səfirliyin foyesindəki barelyefi önünə tər çiçəklər qoyublar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimi açaraq qeyd edib ki, bu gün görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. P.Bülbüloğlu deyib: “Heydər Əliyev yalnız cismən dünyasını dəyişib, çünki o həmişə bizimlədir”.

Diplomat onun bir şəxsiyyət və bəstəkar kimi formalaşmasında Ulu Öndərin böyük rol oynadığını bildirərək deyib: “Mən onun dövründə on il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, böyük məktəbdir və ömrümün sonunadək mənimlə olacaq. Bəxtim çox gətirib ki, həmin on il ərzində Heydər Əliyevin həm respublika daxilində, həm də dünya ölkələrinə bir sıra səfərlərində onu müşayiət etmişəm, Qarabağ mövzusunda, Azərbaycanın inkişafı mövzusunda çox kəskin diskussiyaların şahidi olmuşam. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının həyatında çox çətin dövr idi - biz sui-qəsd cəhdlərinin, dövlət çevrilişi cəhdlərinin şahidi olmuşuq. Məhz Heydər Əliyevin müdrikliyi, zəngin təcrübəsi və böyük nüfuzu sayəsində bu çətinliklərə dözüb dayanmışıq. O, praktiki olaraq yeni Azərbaycan qurmağa, ölkənin yeni neft strategiyasını yaratmağa nail olub və bu strategiya parlaq nəticələr verib”.

Rusiya Prezidentinin Mərkəzi Federal Dairə üzrə səlahiyyətli nümayəndəsi, uşaqlıq illəri Bakıda keçmiş Aleksandr Beqlov o dövrü xatırlayaraq qeyd edib ki, Azərbaycanın paytaxtı həmişə beynəlmiləl şəhər olub. Azərbaycan digər xalqların mədəniyyətinin inkişafına imkan yaradır, azərbaycanlılar isə hamını böyük qonaqpərvərliklə qəbul edirdilər.

“Heydər Əliyev böyük beynəlmiləlçi idi. Mən Heydər Əliyevlə Sankt-Peterburqda görüşmüşəm. Onunla xeyli söhbət etdik. Mən onu həmişə çox müdrik bir insan, adı böyük hərflə yazılmağa layiq olan beynəlmiləlçi kimi xatırlayıram”, - deyə A.Beqlov vurğulayıb.

Rusiya xalqının müasir Azərbaycanın banisi, dahi Heydər Əliyevin xatirəsini həmişə böyük hörmətlə yad etdiyini bildirən RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib: “Heydər Əliyev görkəmli siyasi xadim idi. Sovet dövründə o, SSRİ Nazirlər Sovetində ən mühüm sənaye sahələrinə kuratorluq edirdi. İttifaq dağılandan sonra isə Azərbaycanda hakimiyyətə qayıtdı və çox böyük çətinliklərə baxmayaraq öz xalqına rəhbərlik etdi. Bu gün Prezident İlham Əliyev onun işini uğurla davam etdirir”.

RF Dövlət Dumasının deputatı vurğulayıb ki, Heydər Əliyev fantastik şəkildə Azərbaycanı postsovet məkanında iqtisadi baxımdan ən firavan ölkələrdən birinə çevirdi. Müasir Azərbaycanın bütün tarixi Heydər Əliyevin adı ilə bağlı olub, onun adı ilə bağlıdır və bağlı olacaq. Bu gün Rusiyada minlərlə insan Heydər Əliyevin xatirəsini yad edir. Biz bugünkü sabit, firavan Azərbaycanla münasibətlərin inkişafına kömək edəcəyik.

L.Slutski əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiya xalqları arasında əlaqələr durmadan inkişaf edəcək.

RF Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib: “Tale məni lap uşaqlıq dövründən Azərbaycanla bağlayıb. Atam müharibənin əvvəlində Vinnitsada vuruşub, sonra Odessanın müdafiəsində iştirak edib, Sevastopola gedib çıxıb və orada ağır yaralanıb. Onu Bakıya göndəriblər, orada beş dəfə əməliyyat olunub. Mən uşaq olarkən atam mənə günəşli Bakı barədə, duz-çörəkli, gözəl Azərbaycan xalqı barədə danışırdı. Bu işıqlı, xeyirxah hisslər ömürlükdür”.

G.Züqanov qeyd edib ki, Heydər Əliyev istedadlı natiq, mütəfəkkir və eyni zamanda qətiyyətli adam idi: “Yollarımız tez-tez kəsişirdi. Azərbaycan xalqının bəxti gətirib ki, onun Heydər Əliyev kimi lideri olub. Xalq yaxınlaşmaqda olan təhlükəni duyanda insanlar ən nüfuzlu, iradəli və güclü lider kimi Heydər Əliyevə üz tutaraq gəlib xalqa kömək göstərməsini təklif ediblər”.

Özünün Azərbaycana səfərlərini də xatırladan G.Züqanov deyib: “Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya heyran qalmışam. Gül-çiçəkli bağçanı xatırladan 15 kilometr uzunluğunda heyrətamiz Bakı bulvarı, möcüzəli memarlıq nümunələri göz oxşayır. Siz öz şəhərinizi gözəlləşdirməyə və eyni zamanda onun tarixi simasını qoruyub saxlamağa nail olmusunuz. Mən Heydər Əliyevin nurlu xatirəsi qarşısında baş əymək, İlham Heydər oğluna təşəkkür etmək istəyirəm ki, o, atasının işini inamla davam etdirir. Elə liderlər var ki, millət onlarla fəxr edir, lakin elə liderlər də var ki, onlardan çox şey – dostluq, qarşılıqlı hörmət və anlaşma öyrənmək olar”.

SSRİ Xalq Artisti İosif Kobzonun fikrincə, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun nizamlanmasında əvəzedilməz rol oynayıb: “Heydər Əliyev çoxmillətli Azərbaycan xalqının birləşməsi, bu xalqın öz gələcəyinə inanması, Azərbaycanın firavanlaşması üçün nə mümkündürsə edib. Xalq Heydər Əliyevin planlarına inanır, İlham Heydər oğlunun atasının işini mütləq davam etdirəcəyinə inanır”.

İ.Kobzon vurğulayıb ki, Heydər Əliyev çox ağır sınaqlara məruz qalıb. Lakin onun öz xalqına sevgisi, ruhən güclü olması ağrılara da, xəstəliklərə də üstün gəlirdi: “Zaman şəxsiyyətin miqyasına üstün gələ bilmir. İllər keçib və biz, Heydər Əliyevin müasirləri əminik ki, onilliklər, yüzilliklər keçəcək, amma onun adı gələcək nəsillərin xatirində əbədi qalacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.