İQTİSADİYYAT
Moskvada Azərbaycanın Əməkdar Rəssamı Tahir Məmmədovun fərdi sərgisi açılacaqdır
Bakı, 8 aprel (AZƏRTAC). İyunun 24-də Moskva şəhərinin Mərkəzi Rəssamlar Evində Azərbaycanın Əməkdar Rəssamı Tahir Məmmədovun fərdi sərgisi açılacaqdır.
AZƏRTAC xəbər verir ki, sərgidə T.Məmmədovun son iki ildə çəkdiyi 30-a yaxın rəngkarlıq əsərləri sərgilənəcəkdir.
1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tahir Məmmədovun ötən müddətdə bir neçə fərdi sərgisi açılmış və o, çoxsaylı sərgilərin iştirakçısı olmuşdur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasında dosent vəzifəsində çalışan Tahir Məmmədov onlarla gənc rəssamın yetişməsi və püxtələşməsinə təkan verməkdədir.
İlk fərdi sərgisini 1981-ci ildə Moskvada açan Tahir Məmmədov müxtəlif illərdə ABŞ, Fransa və digər ölkələrdə bu sahədə işlərini davam etdirmişdir.
T.Məmmədovun çoxsaylı əsərləri şəxsi kolleksiyada və Azərbaycan, Fransa, ABŞ, İngiltərə, Finlandiya, Türkiyə və Rusiya muzeylərində saxlanılır.