SİYASƏT


Moskvada Azərbaycanın Müstəqillik Günü qeyd edilib VİDEO

A+ A

Moskva, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təntənəli qəbul olub.

Tədbiri ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O xatırladıb ki, bu il Azərbaycan üçün yubiley ilidir. İyirmi beş il əvvəl Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edilib. Səfir vurğulayıb: “İyirmi beş ildir biz müstəqil azad ölkədə yaşayırıq. Bu illər respublika üçün heç də sadə olmayıb, ancaq Azərbaycan bu illəri ləyaqətlə qət edib. SSRİ-nin dağılması Ermənistan tərəfindən təcavüzlə müşayiət olunub. Nəticədə biz ərazimizin hazırda işğal altında olan 20 faizini itirmişik və bir milyondan çox qaçqın və məcburi köçkün qəbul etmişik”.

P. Bülbüloğlu xüsusi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra Azərbaycanda müstəqil dövlət əlamətləri təzahür etməyə başlayıb. Səfir deyib: “Heydər Əliyev bugünkü Azərbaycanın memarı, ölkənin indiki uğurlarının təməlini qoymuş insandır. Bundan sonra respublika yavaş-yavaş da olsa, inamla inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionun ən güclü dövlətidir. Bugünkü Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya və regional siyasətin getdikcə daha əhəmiyyətli amilinə çevrilir. Bunu da ilk növbədə daxili siyasi sabitlik, dayanıqlı iqtisadi inkişaf, çoxşaxəli xarici siyasətin formalaşması kimi obyektiv səbəblər şərtləndirir”.

Səfir vurğulayıb ki, Azərbaycan xarici ölkələrlə əməkdaşlıq qurarkən, xüsusi prioritet kimi qonşular ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı faydalı əlaqələrin hərtərəfli inkişafını önə çəkir. P. Bülbüloğlunun fikrincə, xarici siyasətdə Rusiya vektoru Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə Rusiyanı strateji tərəfdaşlıq əlaqələri bağlayır. Bu əlaqələrin inkişafı təkcə iki ölkənin qarşılıqlı rifahına kömək etmir, həm də bütövlükdə regiona sabitləşdirici təsir göstərir. Ancaq regionda əməkdaşlıq potensialını tam üzə çıxarmaq üçün ona mane olan amilləri aradan qaldırmaq lazımdır. Səfir deyib: “Ölkəmizin ərazisinin işğalı, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonlarından bu qüvvələrin tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir. Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün bərpası işində dünya birliyinin bütün məsul üzvlərinin prinsipial mövqe nümayiş etdirmələrinə ümid bəsləyirik. Heç şübhəsiz, burada BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in münaqişənin nizamlanması üzrə Minsk qrupunun həmsədri, habelə coğrafi və tarixi baxımdan Cənubi Qafqazla sıx bağlı olan bir ölkə kimi Rusiya Federasiyası xüsusi rol oynayır.

Bununla belə, Azərbaycan səfiri özünümüdafiə və xarici təcavüzdən müdafiə kimi alınmaz hüququmuzun təmin olunması üzrə hər hansı zəruri tədbirin görülməsinə hazır olmağa çağıraraq deyib: “Cəzasız qalacağını yəqin edən düşmən bu ilin aprelində təmas xətti boyunca növbəti irimiqyaslı provokasiya törətməyə çalışıb, dinc kəndləri güclü artilleriya atəşinə tutub. Amma Silahlı Qüvvələrimiz dörd gün ərzində işğalçılara elə müqavimət göstərdilər, onlar çaş-baş qaldılar və hələ də özlərinə gəlməyiblər. Azərbaycan ordusu sübut etdi ki, dövlətin əlində mühüm vasitələrdən biri kimi, o da öz inkişafında böyük yol qət edib və bu gün Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Bütün Azərbaycan xalqı Azərbaycanın Dövlət bayrağının Şuşa üzərində dalğalanacağı günü gözləyir”.

Azərbaycan səfiri əlavə edib ki, Azərbaycan müstəqilliyinin hər yeni yubileyini daha da güclənmiş və möhkəmlənmiş şəkildə qarşılayır, regionda və dünyada onun nüfuzu durmadan artır. Belə ki, müstəqilliyin 20-ci ildönümündən keçən beş il ərzində ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü vəzifələrini icra edib. Nəzərə almaq lazımdır ki, dünyanın taleyini müəyyən edən bu mühüm orqana seçilməyimizi 155 ölkə dəstəkləyib. Son vaxtlar ölkəmizin əhəmiyyətli idman və mədəniyyət tədbirləri keçirdiyini bildirən səfir deyib: “Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə təşkil edilən və artıq ənənəyə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunun rolunu xüsusi vurğulamaq istərdim. Müxtəlif sahələrdə Nobel mükafatı laureatlarının, siyasi xadimlərin və elm aləminin qaymağını təşkil edən böyük alimlərin iştirak etdiyi dünya miqyaslı bu əlamətdar tədbirdə Rusiya nümayəndə heyəti hər dəfə ən çoxsaylı nümayəndə heyəti ilə təmsil olunur. Bir qayda olaraq, Rusiya nümayəndə heyətinə yüksək səviyyədə rəhbərlik edilir. Məsələn, ötən Forumun işində Federasiya Şurasının sədri Valentina Matviyenko, bu il isə Baş nazirin müavini Olqa Qolodets iştirak edib. Bu, heç də təsadüfü deyildir. Rusiya ilə Azərbaycanı təkcə coğrafi qonşuluq deyil, həm də ümumi tarixi keçmiş, bəşəri əlaqələr, ümumi məkanımızda sülhün və sabitliyin dəstəklənməsi maraqları bağlayır. Bütün bunlar xalqlarımızın dostluğuna xidmət edən mehriban qonşuluq münasibətlərinin obyektiv bazasıdır”.

Azərbaycanda keçirilən beynəlxalq forumlardan danışan P. Bülbüloğlu yüksək səviyyədə görüşləri də, o cümlədən Prezident İlham Əliyevlə üçtərəfli görüş keçirmək üçün Rusiya Prezidenti Vladimir Putinin və İran Prezidenti Həsən Ruhaninin bu yaxınlarda Bakıya səfərini və İstanbulda Türkiyə, Rusiya və Azərbaycan prezidentləri arasında görüşü xatırladıb.

Polad Bülbüloğluya görə, Rusiya, Azərbaycan, Türkiyə və İran arasında siyasi əlaqələrin möhkəmlənməsi regionda sülhə və sabitliyə aparan perspektivli yoldur. Azərbaycan səfiri deyib: “Dörd ölkə arasında strateji münasibətlər qurmağa müvəffəq olsaq, bu, başqa güc mərkəzləri ilə mübarizədə çox ciddi arqument olacaq. Yaxın Şərqdə və MDB məkanındakı bir sıra ölkələrdə nələr baş verdiyini biz hamımız görürük: bu qeyri-sabitlik zolağındakı vəziyyətin iqtisadi böhranla şiddətlənməsi çox xoşagəlməz nəticələr verə bilər. Azərbaycan rəhbərliyi hesab edir ki, buna müqavimət göstərmək üçün region üzrə qonşular sözdə deyil, işdə inteqrasiya etməlidirlər”. Səfirin fikrincə, “Şimal-Cənub” nəqliyyat dəhlizi həm İrana, həm Rusiyaya, həm də Azərbaycana böyük iqtisadi mənfəət gətirəcək. Artıq Hindistan, Çin, hətta Əfqanıstan bu layihəyə maraq göstərir. “Şimal-Cənub” regionun sanballı iqtisadi və siyasi yüksəlişini təmin edəcək”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, tibb elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanov, Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, professor, Rusiyanın Əməkdar Həkimi Sabir Həbibov tədbirdə çıxış edərək, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının və möhkəmlənməsinin, qonşu ölkələr, ilk növbədə Rusiya ilə dostluq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıblar.

Rusiyanın bir çox tanınmış və siyasi ictimai xadimləri bayram münasibətilə dostlarını təbrik etmək üçün Azərbaycan səfirliyinə gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.