İQTİSADİYYAT


Moskvada “LUKOIL” şirkətinin 25 illik yubileyi qeyd olunacaq

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 22-də Moskvada “LUKOIL” şirkətinin təsis edilməsinin 25 illiyi münasibətilə təntənəli mərasim keçiriləcək. Kremldə baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dünyanın bir çox ölkəsində neft məhsullarının hasilatı, emalı, satışı və yeni yataqların geoloji kəşfiyyatı ilə məşğul olan, nəhəng sənaye-maliyyə kompleksinə malik “LUKOIL” şirkəti təsis olunduğu ilk illərdən başlayaraq Azərbaycanda uğurla fəaliyyət göstərir. Dünyanın 12 ölkəsində kəşfiyyat və hasilat layihələrini həyata keçirən “LUKOIL”un Rusiyadan kənar fəaliyyət göstərdiyi ilk ölkə məhz Azərbaycan olub.

“Azəri-Çıraq-Günəşli” blokunun, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, “Qarabağ” və Yalama-Samur strukturlarında birgə kəşfiyyat işlərində təmsil olunması isə “LUKOIL” şirkətinin dərin dəniz yataqlarının mənimsənilməsində BP, “Amoco” və sair bu kimi nüfuzlu şirkətlərin təcrübəsindən bəhrələnməklə beynəlxalq səviyyəyə çıxmasında xüsusi rol oynayıb. 25 il ərzində şirkət SOCAR ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurub, geniş yanacaqdoldurma şəbəkəsinin fəaliyyətini təmin etməklə bərabər telekommunikasiya, multimedia, bank, sığorta biznesi kimi sahələrdə də müvafiq layihələr həyata keçirməklə ölkə iqtisadiyyatına, mədəniyyət, elm və təhsil sahəsinə mühüm töhfələr verib. 25 illik belə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri “LUKOIL” şirkətini Azərbaycanla Rusiyanın qırılmaz əlaqələrinin özünəməxsus rəmzinə çevirib.

Yubiley münasibətilə “LUKOIL” şirkəti Azərbaycanın Energetika Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.