İQTİSADİYYAT
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
Moskva, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Belarus Respublikasının Moskvadakı səfirliyində MDB İqtisadi Şurasının 72-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Şuranın geniş tərkibdə iclasını Belarusun Rusiyadakı səfiri İqor Petrişenko açaraq xatırladıb ki, 2016-cı il MDB üçün yubiley ili olub. O qeyd edib ki, ötən illər ərzində Birlik ölkələri hərtərəfli əməkdaşlığı genişləndirmək üçün çox işlər görüblər. MDB üzvləri bundan sonra öz potensiallarını reallaşdırmağa, ümumi məqsədləri milli maraqlarla uyğunlaşdırmağa səy göstərəcəklər. Belarus səfiri, həmçinin 2016-cı ildə MDB-yə sədrlik etmiş Qırğızıstan Respublikasına təşəkkürünü bildirib.
İclasda Birlik ölkələrinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məsələlər nəzərdən keçirilib. İclas iştirakçıları MDB Dövlət Başçıları Şurasının Birlik ölkələrinin dəmir yollarında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi və MDB ölkələrinin dəmir yollarının 2016-cı fraxt ilində tarif siyasəti haqqında Konsepsiya barədə Qərarının yerinə yetirilməsinin gedişini müzakirə ediblər.
İqtisadi Şuranın üzvləri atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində normativ-hüquqi, normativ-texniki nizamasalma, uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma, akkreditasiya və metrologiya təminatına dair yanaşmaların yaxınlaşdırılması haqqında Sazişi, eləcə də 2017-2019-cu illərdə MDB məkanında beynəlxalq yük daşımaları zamanı nəqliyyat təhlükəsizliyinin təmin edilməsi Strategiyasının reallaşdırılmasına dair təxirəsalınmaz tədbirlər planını təsdiqləyiblər.
İclasda 2016-2020-ci illərdə əməyin normativləşdirilməsi sahəsində əməkdaşlığın əsaslarına dair əsas tədbirlər planı təsdiq olunub. Şuranın üzvləri MDB ölkələrinin baza təşkilatları barədə kompleks məsələləri nəzərdən keçiriblər.
İqtisadi Şuranın üzvlərinə MDB ölkələrində qaz mühərrikləri yanacağı bazarının inkişafı, habelə MDB dövlətlərində epizootik vəziyyət barədə məlumat verilib.
İclasda bir sıra büdcə-maliyyə məsələlərinə və təşkilati məsələlərə baxılıb.
MDB İqtisadi Şurasında sədrlik 2017-ci ildə Qırğızıstan Respublikasından Rusiya Federasiyasına keçib.
Şuranın növbəti iclası martın 17-də Moskvada olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva