DÜNYA
Moskvada “Nika” mükafatının təqdimetmə mərasimi olub
Moskva, 1 aprel, AZƏRTAC
Martın 31-də Moskvadakı “Russkaya pesnya” Dövlət Folklor Teatrında “Nika” Rusiya Milli Kinematoqrafiya mükafatının 28-ci təqdimat mərasimi keçirilib. Bu il “Ən yaxşı film” nominasiyasında Aleksey Germanın “Allah olmaq çətindir” filmi qalib gəlib. Film həm də “Ən yaxşı rejissor işi” nominasiyasında birinci olub. Baş rollardan birinin ifaçısı Leonid Yarmolnik isə “Ən yaxşı kişi roluna rolu”na görə mükafat alıb.
Təqdimat mərasimini açan Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının prezidenti Andrey Konçalovski bu il gənc rejissorların sayının xeyli artığını qeyd edərək deyib: “Onlar öz hesablarına və az qala ayfonla filmlər çəkirlər. Gələcək onlarındır, kinematoqraf bu istiqamətdə inkişaf edəcək”.
“MDB və Baltikyanı dövlətlərin ən yaxşı filmi” nominasiyasının qalibi Ukrayna rejissoru Miroslav Sloboşpitskinin “Qəbilə” filmi olub. Yeri gəlmişkən, bu nominasiyada azərbaycanlı rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filminin də namizədliyi irəli sürülmüşdü. Bundan əlavə, “Qarğıdalı adası” ( Gürcüstan), “Kurmancan datka” (Qırğızıstan), “Sahiblər” (Qazaxıstan) filmləri də qələbə uğrunda mübarizə aparırdılar.
“Ən yaxşı qadın rolu”na görə “Nika” qalmaqallı “Leviafan” filmində baş rolun ifaçısı Yelena Lyadovaya qismət olub. “Ən yaxşı ssenari”yə görə mükafata isə Yuri Bıkov (“Səfeh” filmi) layiq görülüb.
Ümumiyyətlə, peşəkar studiyalar və gildiyalar tərəfindən 2014-cü ildə “Nika” mükafatına təqdim edilən 114 film 18 nominasiyada yarışırdı.
Bakılı rejissor Yuli Qusmanın təsisçisi və bədii rəhbəri olduğu “Nika” mükafatı 1987-ci ildə yaradılıb. Qaliblər məşhur rejissor Andrey Konçalovskinin rəhbərlik etdiyi Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının 600-dən çox üzvünün gizli səsverməsi ilə seçilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva