MƏDƏNİYYƏT


Moskvada Oljas Süleymenov haqqında kitabın təqdimatı olub

A+ A

Moskva, 19 noyabr, AZƏRTAC

Moskvada müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimlərin, elmi və yaradıcı elita nümayəndələrinin, şair və nasirlərin Oljas Süleymenov yaradıcılığı və şəxsiyyəti haqqında fikir və düşüncələrinin toplandığı “Oljas və mən” kitabının təqdimatı olub.

Kitabın nəşri böyük qazax şairi, yazıçı və ədəbiyyatşünas, müasir dövrün görkəmli ictimai və siyasi xadimi, diplomat Oljas Süleymenovun 80 illik yubileyinə həsr edilib.

Təqdimatda Qazaxıstanın Rusiyadakı səfiri Marat Tajin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın siyasi və ictimai xadimləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu yazıçı haqqında etibarlı və sədaqətli dost kimi danışaraq deyib: “Oljas barədə uzun-uzadı və ətraflı danışmaq olar. Biz 1960-cı illərin ortalarında tanış olmuşuq. Onda kimin kim olacağını, taleyinin necə gətirəcəyini heç kəs bilmirdi. Biz həmişə istədiyimiz kimi tez-tez görüşə bilməmişik, amma bütün bu illər ərzində bir-birimizin yanında olmuşuq, bir-birimizlə maraqlanmışıq. Həyatda Oljas Süleymenov kimi bir dostunun olması hissi güc və enerji verirdi”.

P.Bülbüloğlu O.Süleymenovun dostluq keyfiyyətlərindən danışarkən 1990-cı ilin yanvarın 20-nə keçən gecə sovet hakimiyyətinin Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində siyasi müxalifəti boğması nəticəsində yüzdən çox dinc sakinin qətlə yetirildiyi “Qara Yanvar” günlərini nümunə gətirərək deyib: “Bizimlə çiyin-çiyinə dayanan yeganə adam 39 dərəcə qızdırma içində Bakıya gələn Oljas Süleymenov oldu. Bunu nəinki mən, bütün Azərbaycan xalqı heç vaxt unutmayacaq. Ümumiyyətlə, qazaxlar həqiqətən çox gözəl dost olurlar. Bütün bu bəşəri keyfiyyətlər, dostluq, əsl qardaşlıq münasibəti isə heç vaxt unudulmur”.

Oljas Süleymenovun özü etiraf edib ki, barəsindəki bu kollektiv əsər onu bir qədər utandırır. Buna baxmayaraq, kitab vahid ölkədə yaşadığın dövrün müəyyən yekunudur. Yazıçı bildirib ki, bu kitabın müəlliflərindən hər birinə dərin təşəkkürünü bildirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.