SİYASƏT
Moskvada QDİƏT Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyası keçirilir
Moskva, 29 iyun, AZƏRTAC
Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 47-ci iclası keçirilir.
İclası açan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qeyd edib ki, Rusiya regionda çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. İqtisadiyyat, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin siyasiləşdirilməsinin qarşısının alınmasının zəruriliyini vurğulayan Dövlət Dumasının sədri bunun qlobal iqtisadi böhran vəziyyətində daha vacib olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, hər bir təşkilatın real potensialı məhz böhranlı dövrlərdə üzə çıxır və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri səmərəli əməkdaşlıq nümunəsi nümayiş etdirirlər.
QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev gündəlikdə duran məsələlərdən danışaraq bildirib ki, əsasən miqrasiya məsələlərinə həsr olunan iclasda quruma üzv dövlətlərdə qaçqınların vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı ayrıca məsələ qaldırılacağını qeyd edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və bunun ölkədə iqtisadi, sosial çətinliklər yaratdığını diqqətə çatdırıb.
Rusiyanın sədrliyi ilə keçirilən iclasın iştirakçıları tərəfindən müvafiq tövsiyələr qəbul olunacaq və üzv dövlətlərin parlamentlərinə göndəriləcək. Eyni zamanda, “QDİƏT regionunda iqtisadi əməkdaşlıqda sülh, sabitlik və rifaha doğru” adlı qətnamə qəbul ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva