MƏDƏNİYYƏT


Moskvada Qama Məlikovanın əsərlərinin sərgisi açılıb

A+ A

Moskva, 17 noyabr, AZƏRTAC

Rusiya paytaxtında, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında “Baku” jurnalının, Azərbaycan Mədəniyyət Mərkəzinin və kitabxananın sərgi şöbəsinin təşkilatçılığı ilə “GamEl: Qama Məlikovanın yaradıcılığında xalça motivləri” adlı sərgisi açılıb.

Qama Məlikova Vətəni Azərbaycanda yaxşı tanınır. O, bir çox fərdi və kollektiv sərgilərin iştirakçısıdır. Rəssamın əsərləri Bakı, Moskva, Paris və bir çox digər şəhərlərdə uğurla nümayiş etdirilir. Qama Məlikovanın əsərləri bütün dünyada şəxsi kolleksiyalarda saxlanılır.

Xarici Ədəbiyyat Kitabxanasında rəssamın Moskvada Azərbaycanın xalça motivləri əsasında ərsəyə gətirdiyi bir sıra əsərləri təqdim olunub. Sərgidə rəngkarlıq əsərləri ilə yanaşı, ipək və yun örpəklər, eləcə də müəllif əsəri olan, milli naxışlarla bəzədilmiş qab-qacaq nümayiş etdirilir. Eksponatlar Qama Məlikovanın Azərbaycanda artıq on ildən çox tanınan “GamEl” brendi ilə yaradılıb.

Sərgidə sırf xalça ornamentləri ilə bağlı əsərlərin təqdim edildiyini diqqətə çatdıran rəssam deyib: “Xalçaların çoxlu müxtəlif ornamentləri var. Ağlıma natürmortdan da istifadə etməklə, müxtəlif xalça məktəblərinin ayrı-ayrı fraqmentlərini götürüb kvadratlara yerləşdirmək ideyası gəldi. Bu seriyanı bəyəndim və onu daha da inkişaf etdirməyi qərara aldım. Nəticədə, Avropa natürmortu ilə Şərq ornamentinin çox rəngarəng qarışığı yarandı. Sonradan bu qarışıq hazırladığım örpəklərə və hətta qab-qacağa köçdü”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu diqqəti belə bir məsələ üzərində cəmləşdirib ki, son vaxtlar Moskvada ölkəmizlə bağlı çoxlu tədbirlər keçirilir. Diplomat deyib: “Lap bu günlərdə Tretyakov Qalereyasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Abşeron rəssamlarına həsr olunmuş gözəl sərgi açılıb. Həmçinin bu yaxınlarda M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında rəssam Maya Bədəlbəylinin sərgisi keçirilib. Bu gün isə Qama Məlikovanın sərgisi açılıb. Qama Məlikova müxtəlif janrlarda işləyən istedadlı rəssamdır. Onun sərgisi “Xalça motivləri” adlanır, xalça isə Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir”.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova xatırladıb ki, Qama Məlikova ixtisasca həkimdir, həkimlər isə adətən insanları daha yaxşı hiss edir, onların ruhi vəziyyətini daha yaxşı anlayırlar. Bu anlayış onun əsərlərində də aydın görünür. T.Əhmədova deyib: “Bundan başqa, Qama öz sənəti və gözəllik axtarışı ilə yaradıcı sülaləsini layiqincə təmsil edir. Azərbaycan ədəbiyyatının klassiki Mirzə Cəlil Məmmədquluzadənin nəticəsi olan Qama özünü mütləq sənətdə tapmalı idi. Ulu babası oxucuya qələmi ilə müraciət edirdi, Qama isə özünü fırça və boya ilə ifadə edir”.

Rəssamın həyat yoldaşı, Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov qeyd edib ki, onlar Moskvada növbəti sərginin təşkil edilməsi ideyasını ruh yüksəkliyi ilə qəbul ediblər. E.Əzizov deyib: “Bu sərgi Qamanın yaradıcılığındakı xalça motivlərindən bəhs edir. Burada onun əsərləri əsasında hazırlanmış çox gözəl örpəklər və qab-qacaq da təqdim edilib. Xalça naxışları tükənməz mövzudur, çünki hər bir naxışın ayrı-ayrılıqda öz dərin mənası var”.

Sərgi dekabrın 18-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.