ELM VƏ TƏHSİL
Moskvada “RAGB-2015” universiadası açılıb
Moskva, 27 aprel, AZƏRTAC
Rusiya Xalqlar Dostluğu Universitetinin bədən tərbiyəsi və sağlamlıq mərkəzində “RAGB-2015” (Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin) universiadası açılıb. Moskvanın aparıcı ali məktəb tələbələrinin iştirak etdikləri universiada Bakıda keçiriləcək birinci Avropa Oyunlarını dəstəkləmək məqsədilə təşkil olunub.
Açılış mərasimində çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev və RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev Bakıda qarşıdan gələn idman bayramının əhəmiyyətindən danışıblar. Onlar universiada iştirakçılarına ədalətli mübarizə və yaxşı idman nəticələri arzulayıblar.
Universiadanın ilk yarışı stolüstü tennis idmançıları arasında olub. Kişilərin və qadınların turniri 50-dən çox tennis həvəskarını toplayıb. Üç saat davam etmiş maraqlı oyundan sonra turnirin qalibləri elan edilib.
Kişilər arasında Samir Şükürov birinci, Ruslan Əhmədov ikinci, Rüstəm Ələsgərov üçüncü yeri tutublar. Qızlar arasında Nərgiz Zeynalova birinci, Pustalina Vəliyeva ikinci, Səbinə Abdullayeva üçüncü yerə layiq görülüblər.
Stolüstü tennisdən başqa, yaxın günlərdə Moskvada voleybol, basketbol və qaçış üzrə də yarışlar keçiriləcək.
“RAGB-2015” universiadasının proqramına həmçinin mayın 10-da Heydər Əliyev Kuboku uğrunda mini futbol üzrə illik turnir də daxildir. Turnir “Lujniki” stadionunda keçiriləcək. Universiadanın qalibləri də orada mükafatlandırılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva