SİYASƏT
Moskvada Rusiya-Azərbaycan ticari münasibətlərinin inkişafına dair mətbuat konfransı olub
Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, RF İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xaricdə yaşayan həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov, Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyev iştirak ediblər.
Səfir Polad Bülbüloğlu qeyd edib ki, bu günlərdə Bakıda Rusiya tərəfindən Baş nazirin müavini D.Roqozinin, Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Y.Eyyubovun başçılıq etdiyi Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya nümayəndə heyətinin rəhbərini qəbul edib. Yaxın vaxtlarda Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü ilə əlaqədar, ölkələrimizin münasibətləri barədə konstruktiv söhbət olub. Görüşlərdə bir daha vurğulanıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır. Gündəlikdə iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahəsində müxtəlif məsələlər müzakirə olunub.
Səfir Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi şəraitdə ölkələrimiz arasında qarşılıqlı münasibətlər haqda ona ünvanlanmış sualın cavabında vurğulayıb ki, hansı sanksiyaların tətbiq edilməsindən asılı olmayaraq Azərbaycan RF-nin qonşusudur. O deyib: “200 ildən çoxdur ki, biz birlikdə fəaliyyət göstəririk. Buna görə Azərbaycan ilə Rusiyanı sıx dostluq telləri bağlayır. Rusiyada böyük Azərbaycan diasporu var. Azərbaycanda da rus diasporu var, Moskva Dövlət Universitetinin filialı ilbəil öz fəaliyyətini genişləndirir. Müstəqillik illərində Bakı Slavyan Universiteti yaradılıb. Təhsilin rus dilində olduğu məktəblərin heç biri bağlanmayıb”.
Diplomatın sözlərinə görə, əsas problem ondan ibarətdir ki, azərbaycanlı istehsalçılar və sahibkarlar inzibati baryerlər, gömrük rəsmiləşdirməsində süründürməçiliklə əlaqədar ehtiyat edirlər. Polad Bülbüloğlu deyib: “Bax, bu mexanizmləri tənzimləmək lazımdır, insanlar, fermerlər isə öz işlərini görəcəklər”. Səfir bildirib ki, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını artırmağa hazırdır, bu şərtlə ki, həmin malların alınacağına zəmanət verilsin. Diplomat daha sonra dəqiqləşdirib ki, söhbət təkcə meyvə-tərəvəzdən yox, həm də quş əti, yumurta və digər məhsulların ixracından gedir.
P.Bülbüloğlu ona ünvanlanmış “Rusiyaya qarşı iqtisadi sanksiyalar fonunda Azərbaycan kənardan təzyiq hiss edirmi?” sualının cavabında qeyd edib ki, Azərbaycan müstəqil suveren siyasət yürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət sayəsində ölkəmiz öz qonşuları ilə münasibətlərini yüksək səviyyədə inkişaf etdirir.
Ukraynada son hadisələr mövzusuna toxunan səfir qeyd edib ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır. P.Bülbüloğlu deyib: “Hesab edirik ki, İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozmaq olmaq. Bizim fikrimizcə, bütün münaqişələri siyasi yolla, danışıqlar yolu ilə nizamlamaq lazımdır”. Səfir vurğulayıb ki, bu gün Azərbaycan yetərincə güclü dövlətdir, bizim ordumuz regionda ən güclü ordudur. Diplomat deyib: “Artıq 25 ildir, biz Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışırıq ki, qan tökülməsin”.
RF İctimai Palatasının ictimai diplomatiyanın inkişafı və xaricdə yaşayan həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov keçən il Azərbaycanda prezident seçkilərində RF-dən müşahidəçi qismində iştirak etdiyini vurğulayıb. S.Markov seçicilərin Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini ürəkdən dəstəklədiklərini qeyd edərək deyib: “Bu, son illərdə Cənubi Qafqazın şəksiz liderinə çevrilmiş Azərbaycanın iqtisadi inkişafı ilə bağlıdır”.
Onun sözlərinə görə, Azərbaycanın nəzərəçarpacaq iqtisadi inkişafı Azərbaycan ilə Rusiya arasında, o cümlədən energetika və hərbi-texniki sahələrdə iqtisadi əlaqələrin bərpası və inkişafı üçün zəmin yaradır. S.Markov ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərdən söhbət açaraq vurğulayıb ki, hökumətlərarası məsləhətləşmələr nəticəsində Rusiya bazarında Azərbaycandan gətirilmiş kənd təsərrüfatı məhsullarının həcmi xeyli artacaqdır. S.Markov onu da qeyd edib ki, oktyabr ayında Bakıda növbəti humanitar forum keçiriləcək. O deyib: “Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Humanitar Forumunda çox maraqlı ideyalar irəli sürülür. Forumun işi dövründə telekörpülər təşkil edilməsi yaxşı olardı”.
RF Dövlət Dumasının Maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyevin sözlərinə görə, Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən Moskvaya və Moskva vilayətinə göndərilir. “İstərdik ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsulları Rusiyanın regionlarında da satılsın”, - deyən D.Savelyev bunun üçün bütün Rusiya ərazisində müasir anbarlar tikilməsini təklif edib. O deyib: “Beləliklə, regionlarda da ilboyu piştaxtalarda ağlabatan qiymətə keyfiyyətli kənd təsərrüfatı məhsulları olacaqdır”.
RF Dövlət Dumasının Maliyyə bazarı komitəsinin sədr müavini Azərbaycan banklarını Rusiyanın bank bazarında daha geniş iştirak etməyə çağırıb. D.Savelyev deyib: “Rusiyada iki Azərbaycan bankı fəaliyyət göstərir. Keçmiş ittifaqın digər respublikalarının çoxunun valyutalarından fərqli olaraq, Azərbaycan valyutası sabitdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva