İQTİSADİYYAT
Moskvada Rusiya, Azərbaycan və İran arasında ticari münasibətlərin inkişafı məsələləri müzakirə edilib
Moskva, 1 dekabr, AZƏRTAC
Moskvada, Rusiya Ticarət-Sənaye Palatasında “Şimal-Cənub” nəqliyyat dəhlizində ticarət və logistika. Rusiya, Azərbaycan və İran arasında işgüzar əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir “Biznes-Dialoq Media” nəşriyyat-kommunikasiya qrupunun və RF Ticarət-Sənaye Palatasının birgə layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə regional hökumətlərin əlaqədar nazirliklərinin və işgüzar şuraların nümayəndələri iştirak ediblər.
Rusiya Ticarət-Sənaye Palatası prezidentinin müşaviri Georgi Petrov “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ideyasının hələ 1993-cü ildə yarandığını xatırladaraq deyib: “Qeyd etmək lazımdır ki, bu dəhliz təkcə nəqliyyat infrastrukturu deyil, həm də dövlətlər arasında iqtisadi əlaqələr deməkdir. Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa böyük diqqət yetirilib”.
Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Şövqi Mehdizadə bir məqama diqqəti cəlb edib ki, vaxtilə Azərbaycan nəinki sanksiyaları dəstəkləməyib, əksinə, Rusiya ilə əmtəə dövriyyəsini artırıb. Ş.Mehdizadə deyib: “Azərbaycan və onun ayrı-ayrı regionları RF-nin Həştərxan, Stavropol, Tümen və digər şəhərləri və vilayətləri ilə fəal əməkdaşlıq edirlər”.
“Fud Siti” aqroklasteri Sergey Juravlyovun şəxsində Rusiya-Azərbaycan biznes əlaqələrinin real təcrübəsini təqdim edib. S.Juravlyov İrandan və Azərbaycandan Rusiyaya meyvə-tərəvəz idxalına dair ətraflı statistik məlumat verib. Balaşixadakı “Lukes-D” ət məhsulları müəssisəsinin baş direktoru Şahid Əsgərov halal məhsullar istehsalı üzrə xüsusi ixrac xəttinin yaradılmasından danışıb. Rusiya-İran İşgüzar Şurasının sədri Vladimir Obıdennov tədbir iştirakçılarına Rusiya ilə İran arasında ticari əməkdaşlığın inkişafı barədə məruzə təqdim edib.
Qeyd edək ki, dekabrın 15-də bu mövzunun davamı olaraq Bakıda “Rossotrudniçestvo” Agentliyinin dəstəyi ilə “Moskva-Bakı. Kilometrləri aşan baxış” adlı fotosərgi açılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva