MƏDƏNİYYƏT
Moskvada SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında “Moskva virtuozları” orkestrinin konserti olmuşdur VİDEO
Moskva, 10 may (AZƏRTAC). İyunun 9-da Moskvada Azərbaycanın məşhur pianoçusu və bəstəkarı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəylinin və tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyi altında “Moskva virtuozları” orkestrinin konserti olmuşdur.
Moskva çayının sahilində yerləşən Beynəlxalq Musiqi Evinin Svetlanov zalında görkəmli həmyerlimizin təkrarsız ifası böyük hərarətlə qarşılanmışdır. Daha bir dahi azərbaycanlı - Vaqif Mustafazadənin orkestr ilə fortepiano üçün konserti Fərhad Bədəlbəylinin ifasında sanki yeni nəfəsdə səslənmişdir.
Konsertdən sonra F.Bədəlbəyli AZƏRTAC-a müsahibəsində demişdir: “Konsertlə bağlı bir tələbim var idi ki, proqrama Azərbaycan bəstəkarının əsəri daxil edilsin. Konsertdə dostum, mərhum Vaqif Mustafazadənin əsərinin səslənməsi mənim üçün çox önəmlidir. Mən xoşbəxtəm ki, bu gün burada Fikrət Əmirovun ölməz “Nizami” simfoniyası da səsləndi”.
“Moskva virtuozları”nın yüksək peşəkarlığa malik orkestr olduğunu vurğulayan F.Bədəlbəyli növbəti Qəbələ Beynəlxalq Musiqi Festivalına bu orkestrin də dəvət alacağını bildirmişdir. F.Bədəlbəyli konsertin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.
“Moskva virtuozları”nın “Şərq-Qərb” layihəsi çərçivəsində Şərq və Qərb bəstəkarlarının əsərləri səslənir. Azərbaycan musiqisinin iki məşhur nümunəsi proqramın “Şərq” hissəsinin mərkəzində yer almışdır. Fərhad Bədəlbəylinin ifasında Vaqif Mustafazadənin fortepiano konsertinin cazibəsi milli klassikamızın şah əsərlərindən olan Fikrət Əmirovun Azərbaycan musiqi tarixində simli orkestr üçün ilk simfoniya olan “Nizami” əsəri ilə birlikdə gecənin incilərinə çevrilmişdi.
Proqramın “Qərb” hissəsini “Virtuozlar”ın eleqant traktovkasında Y.Haydnın 76 nömrəli simfoniyası və Astor Piassolanın “Buenos-Ayresdə ilin fəsilləri” dörd məşhur tanqosu rövnəqləndirmişdir.
“Moskva virtuozları” məşhur dirijor və violonçel ustası Dmitri Yablonskinin rəhbərliyi ilə çıxış etmişdir. Bir çox Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edən maestro Qəbələdə Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biridir.
Konsertin tamaşaçıları arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri də olmuşlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva