MƏDƏNİYYƏT
Moskvada VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
Bakı, 10 fevral, AZƏRTAC
Martın 27-dən aprelin 4-dək Moskvada VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festival görkəmli musiqiçinin anadan olmasının 90 illik yubileyinə həsr ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat festivalın rəsmi saytında və Mstislav Rostropoviç Fondunun “facebook” səhifəsində yer alıb.
Festivalın bədii rəhbəri Olqa Rostropoviçin sözlərinə görə, yubiley festivalının əsasında Mstislav Rostropoviçin həyat və yaradıcılığında mühüm yer tutmuş dörd ölkənin - Rusiya, ABŞ, Fransa və Yaponiyanın musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi dayanır. Festivalın təntənəli açılış mərasimi ənənəvi olaraq M.Rostropoviçin doğum günündə - martın 27-də P.Çaykovski adına Moskva Konservatoriyasının böyük zalında olacaq. Açılış mərasimində D.Şostakoviç adına Sankt-Peterburq Rusiya Akademik Simfonik Orkestrinin əməkdar kollektivi çıxış edəcək. Festival günlərində Vaşinqton Milli Simfonik Orkestri, “Rusiya-Yaponiya” birləşmiş xor və orkestri, “Yokoqama-simfonietta” orkestri, Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin solistlər ansamblı, A.Yurlov adına Rusiya Dövlət Akademik Xor Kapellası, dünya şöhrətli dirijorlar, ifaçılar iştirak edəcəklər.
Festivalın proqramı haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdən öyrənmək olar: http://rostropovichfestival.ru/programme/