CƏMİYYƏT


Moskvada ermənilərin Qafqaza köçürülməsinin tarixindən bəhs edən sənədli filmlərin təqdimatı keçirilib

A+ A

Moskva, 17 oktyabr, AZƏRTAC

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) dəstəyi ilə Rusiyanın Azərbaycan İcması Evində “Ermənilərin Qafqaza köçürülməsi xronikası”, “İlk xristian ölkəsinin izləri ilə” və “Yerevanda azərbaycançılığın izləri ilə” adlı sənədli filmlərin təqdimatı keçirilib.

“Lider” televiziyası və “Azərbaycan radiosu”nun Rusiyadakı nümayəndəliyinin rəhbəri, filologiya elmləri namizədi Anar Həsənov tədbiri açaraq Qarabağ reallıqlarının dünya birliyinə çatdırılmasında bu cür filmlərin əhəmiyyətini qeyd edib. A.Həsənov deyib: “Hazırda informasiya məkanında sənədli tarixlə başdan-başa saxtalaşdırılmış tarix qonşuluq edir. Elə məktəblər var ki, onlar çox ciddi sənədlərə istinad edirlər. Lakin total saxtalaşdırmaya əsaslanan milli tarix məktəblərinə də rast gəlinir. Onların iş metodu çox sadədir: müəyyən fundamental mifologiyanın təməli qoyulur, illər keçəndən sonra isə həmin mifologiyadan sənəd kimi istifadə edilir. “Beyinlərin yuyulması” adlanan bu üsul izsiz ötüşmür”. A.Həsənov qeyd edib ki, Azərbaycan tarixçiləri və peşəkar jurnalistlər bizim tarixin müdafiəsinə qalxıblar, çünki bu, prinsipial məsələdir.

Filmlərin müəllifi, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova təqdim olunan sənədli filmlər silsiləsinin əsasını təşkil edən tarixi faktların icmalı ilə çıxış edib. Bu faktlar arasında azərbaycanlıların müasir Ermənistan ərazisində avtoxton millət olmasını təsdiqləyən mübahisəsiz arxeoloji sübutların olduğunu vurğulayan Ş.Həsənova deyib: “Filmlərdə ermənilərin əzəli vətənlərindən – Balkan yarımadasından, Fessaliya və Frakiyadan Kiçik Asiyaya – Friqiyaya, daha sonra Fərat çayı və Van gölü sahillərinə köçürülməsinin qədim tarixi izlənilir. Antik müəlliflərə istinadlar əsasında sübut edilir ki, Kiçik Asiya, o cümlədən müasir Türkiyənin ərazisi də ermənilərin ulu vətəni olmayıb. İlk dəfə vahid kino süjeti şəklində toplanmış faktlar əsasında müasir Ermənistan Respublikasının heç də ilk xristian ölkəsi olmadığı sübut edilir, xristianlığın Ermənistan tərəfindən dövlət səviyyəsində 301-ci ildə qəbul edilməsi barədə mif ifşa olunur. Bunu erməni tarixşünaslığının banisi A.Qaraqaşyan, amerikalı professor N.Qarsoyan və başqaları təsdiqləyir. Filmlər onlarca elmi mənbə, xəritə, nadir sənədlər və eksklüziv fotoşəkillər əsasında hazırlanıb. Təqdim edilən arqumentlərin istisnasız olaraq erməni və Qərb müəlliflərindən sitatlarla şərh olunması onların inandırıcılığını və mötəbərliyini təmin edir. Tarixdə yalnız fakt avtoritet ola bilər. Bu filmlərdə elmi mənbələrdən toplanmış faktlar, xəritələr, nadir sənədlər sübut edir ki, faktın gücü Azərbaycanın tərəfindədir”.

Tədbirdə çıxış edən tarixçi, politoloq Oleq Kuznetsov deyib ki, filmlərin ideyaları bu mürəkkəb müharibədə Azərbaycan Respublikasının mövqeyini əks etdirməlidir. Onun sözlərinə görə, bu cür filmlər rusiyalılar qarşısında təqdim olunmalıdır, çünki obıvatellərin əksəriyyəti Dağlıq Qarabağ torpaqlarında baş verən hadisələrdən tam xəbərsizdir. Oleq Kuznetsov deyib: “Hesab edirəm ki, bu publisistik filmlər insanlarda problemi öyrənməyə maraq oyada bilər. Azərbaycan elmi erməni tarix irsinin öyrənilməsində böyük uğurlar qazanıb. Bunun yekunlarından biri isə təqdimatı keçirilən filmlərdir”.

Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk diqqəti kadrarxası səsə cəlb edərək deyib: “Filmin məzmununu hansı səslə çatdırmaq çox vacibdir. Bu filmlərdə həmin səs çox uğurla seçilib. Filmləri maraqlı hesab etmək olar və onlar gənclər arasında da böyük marağa səbəb olacaq. Əsas məsələ lazımi auditoriyanı tapmaqdır”.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya təqdimatın keçirilməsinə görə təşkilatçılara təşəkkür edib və bu filmlərin uğur qazanacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, sənədli filmlər silsiləsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.