İQTİSADİYYAT
Moskvada keçirilən “Xəzər dialoqu- 2015”də Azərbaycanın Xəzər regionundakı rolundan danışılıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın Energetika Nazirliyinin enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin böyük məsləhətçisi Otel Hüseynov Rusiya Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə Moskvada keçirilmiş “Xəzər dialoqu- 2015” Beynəlxalq İqtisadi Forumda iştirak edib. Forumda nazirliyin əməkdaşının “Azərbaycanın enerji siyasəti” mövzusunda çıxışı dinlənilib və o, Təşkilat Komitəsi tərəfindən Diplomla təltif edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, O.Hüseynov çıxışında Azərbaycanın qədim neft ölkəsi olduğunu, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yolun uğurla davam etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dünyaya inteqrasiya siyasətinin beynəlxalq əməkdaşlığının bütün sahələrində özünü büruzə verdiyini deyib. O, “Cənub” qaz dəhlizi layihəsinin reallaşması istiqamətində həyata keçirilən tədbirlər, ölkənin ixrac kəmərləri, Xəzər regionu ölkələri ilə əməkdaşlıq, həmçinin Xəzər dənizi və ətraf mühitinin mühafizəsi sahəsində görülən işlər barədə danışıb.
Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti Georgi Petrov çıxış edərək Xəzər regionunda Azərbaycan-Rusiya əməkdaşlığının xüsusi yeri olduğunu bildirib. O, beş Xəzərətrafı ölkəsinin əməkdaşlığının inkişafında, genişləndirilməsində və möhkəmləndirilməsində Azərbaycanın çox konstruktiv rol oynadığını və bu əməkdaşlığın geniş perspektivləri olduğunu qeyd edib. Həmçinin, Rusiyada neft erasının ölkəmizin neftindən başlanmasının, Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin və Azərbaycan neftçilərinin xüsusi rolunun qeyd edilməsinin zəruri olduğunu vurğulanıb.
Rusiya Milli Neft İnstitutu Fondunun Müşahidə Şurasının sədri, “Xəzər elm və İnnovasiya Şurası”nın sədri Kalyujnı isə öz çıxışında Azərbaycanın Rusiya Federasiyasına dost ölkə olduğunu, həmçinin Azərbaycanın nəinki Xəzər regionunda çox ciddi tərəfdaş, həm də Rusiya üçün çox vacib tərəfdaş olduğunu qeyd edib.
Çıxış edən Rusiya Prezidentinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov Xəzər dialoqu çərçivəsində keçən il əldə olunan nailiyyətlərdən danışıb.
Forumda Azərbaycanın Rusiyadakı səfirliyinin xətti ilə “ADA” Universitetinin bir neçə tələbəsi də müşahidəçi qismində iştirak edib.