İQTİSADİYYAT
Moskvada neft və qaz hasilatı problemlərinə dair silsilə "dəyirmi masa"lar keçiriləcək
Bakı, 1 iyul, Laçın Sultanova, AZƏRTAC
Rusiyanın "Vostock Capital" şirkətinin təşkilatçılığı ilə noyabrın 12-də Moskvada neft və qaz hasilatı problemlərinə dair "Hasilat - 2015" silsilə "dəyirmi masa"lar keçiriləcək.
Tədbirin informasiya tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, hər bir "dəyirmi masa"nı moderatorlar, sahənin aparıcı ekspertləri, texnologiya istehsalçıları və təchizatçıları aparacaqlar.
"Hasilat – 2015"in interaktiv "dəyirmi masa"larında hakimiyyət orqanlarının nümayəndələri, qazma və hasilat üzrə baş direktorlar, müavinlər və vitse-prezidentlər, iri hasilat şirkətlərinin baş mühəndisləri və mexanikləri, iri podratçılar və texnologiya təchizatçıları iştirak edəcəklər.
"Hasilat – 2015" mühüm strateji informasiya almaq, bazarın əsas iştirakçılarının dəqiq məlumatlarından istifadə etmək və hasilat şirkətlərinin baş və texniki direktorları ilə birbaşa ünsiyyət yaratmaq, sahənin elitasına qoşulmaq imkanı yaradacaq.
Bu gün neft-qaz şirkətlərinin səyləri uzaq və avtonom yataqların, şelfin, hasilatı çətinliklə başa gələn yataqların işlənməsinə, habelə yeni obyekt və resursların axtarışına yönəlib. Bu vəzifələr müasir avadanlıq, proqram təminatı, səmərəli hasilat üsulları, innovativ texnologiyalar tələb edir. "Hasilat – 2015"in silsilə "dəyirmi masaları" aktual informasiya almağın optimal yoludur.
"Dəyirmi masa"lar "Strateji saat: gələcək nə vəd edir və hasilatın həcmini necə dəstəkləməli?", "Yataqların kompleks təchizatı. İnnovasiyalar" və s. mövzulara həsr olunacaq.
"Hasilat – 2015"in "dəyirmi masa"larında Rusiyada və MDB-də neft və qaz hasilatının gələcəyini müəyyən edən əsas şəxslər iştirak edəcəklər.