DÜNYA
Moskvda “Runet mükafatları”nın qalibləri elan edilib
Moskva, 26 noyabr, AZƏRTAC
Moskvada “Runet mükafatları”nın təqdimatı mərasimi keçirilib. Bu il “Runet mükafatları” 6 ənənəvi nominasiyada – “Dövlət və cəmiyyət”, “Mədəniyyət, KİV-lər və kütləvi kommunikasiyalar”, “Elm və təhsil”, “İqtisadiyyat, biznes və investisiyalar”, “Sağlamlıq, əyləncə və istirahət”, “Texnologiyalar və innovasiyalar”, habelə iki xüsusi nominasiyada – “Ekstremizmsiz internet” və “Regional internet layihələrinin inkişafı uğrunda” nominasiyalarında təqdim olunub.
Rusiya Dövlət İnformasiya Agentliyi - TASS, Federal Vergilər Xidmətinin saytı, “Rodnıye qoroda” sosial investisiyalar proqramının informasiya portalı, İnformasiya Demokratiyası Fondu və “Dobro Mail.ru” xeyriyyə layihəsi “Dövlət və cəmiyyət” nominasiyasının laureatı olub.
TASS-ın baş direktoru Sergey Mixalkov bildirib ki, son iki ildə agentlik runetin inkişafına öz töhfəsini verib. O deyib: “Agentliyimizin komandası yüksək texnoloji informasiya portalı yaradıb. Portal geniş auditoriyanı fasiləsiz və operativ rejimdə Rusiyada və dünyada baş verən hadisələr barədə maksimum dolğun xəbərlərlə təmin edir. Saytın bütün texniki yenilikləri materialların rahat oxunmasını təmin edir. Hər kəs TASS-ın xəbərlər axınını öz şəxsi tələbatına uyğunlaşdıra bilər”.
2004-cü ildə Rospeçatın təsis etdiyi “Runet mükafatı” informasiya texnologiyaları və internet sahəsində xidmətləri təşviq edən əsas ümummilli mükafata çevrilib. Aparıcı internet holdinqlər, portallar və dövlət strukturları bu mükafatın laureatı olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva