DÜNYA
Mosulda yaralanmış fransız jurnalist qadın ölüb
Bakı, 24 iyun, AZƏRTAC
İraqın Mosul şəhərində bomba partlayışında yaralanmış fransız jurnalist qadın Veronik Rober ölüb.
AZƏRTAC xəbər verir ki, France Press agentliyinin Fransa TV-lərinə istinadla yaydığı məlumata görə, partlayış İŞİD yaraqlılarının İraqın əhali sayına görə ikinci böyük şəhərindəki sonuncu dayaq məntəqəsi olan köhnə şəhər rayonunda baş verib. Bir qədər əvvəl isə jurnalist Stefan Vilnevin öldüyü xəbər verilmişdi.
Fransadan olan jurnalistlər komandası Mosulda France2 telekanalı üçün Envoyé spécial (“Xüsusi müxbir”) verilişinin çəkilişlərini aparırdı. Komandaya daxil olan üçüncü jurnalist Samuel Fore üzündən və əlindən yüngül yaralansa da, şok vəziyyətindədir. Partlayış zamanı fransız həmkarlarının tərcüməçisi işləyən kürd jurnalisti həlak olub.
Xatırladaq ki, hökumət qüvvələrinin Mosulun qərb hissəsində terrorçuların nəzarətində qalan son rayonlara həlledici hücumu mayın sonlarında başlayıb. Şəhərin bu rayonunda orta əsrlərə aid planlaşdırma - hədsiz dərəcədə dar küçələr İraq güc strukturlarının hücumunu mürəkkəbləşdirir.