DÜNYA
Mosulun bir milyondan çox sakini şəhəri tərk edib
Bakı, 6 iyul, AZƏRTAC
Mosulun İŞİD terror qruplaşmasının silahlılarından azad edilməsi üzrə əməliyyatların başlanğıcından bəri şəhərin bir milyondan çox sakini öz evlərini tərk edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ABŞ başda olmaqla beynəlxalq koalisiyanın dəstəyi ilə Mosulda 2016-cı ilin oktyabrından aparılan hərbi əməliyyatlar səbəbindən 1 milyon 34 min 670 nəfər məcburi köçkünə çevrilib. Onlardan 821 min 838 nəfəri hələ də evlərinə qayıda bilməyib.
Bir qədər əvvəl məlumat yayılmışdı ki, İraq federal polisi Mosulda terrorçuların nəzarətindəki sahəsi 500 kvadratmetrdən çox olmayan son rayonu mühasirəyə alıb. Həmin ərazidə 15 mindən 20 minədək dinc sakinin qaldığı ehtimal edilir.
Köhnə şəhərdə döyüşlərin davam etməsinə baxmayaraq, İraqın Baş naziri Heydər əl-Abadi ordunu terrorçular üzərində böyük qələbə münasibətilə təbrik edib. Koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib ki, şəhərin tam azad olunması bir neçə gün ərzində elan edilə bilər.
Xatırladaq ki, Mosul şəhəri İŞİD terror qruplaşmasının İraqdakı son iri dayaq məntəqəsidir.