SİYASƏT
Motome Takisava: Yaponiya Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət ayırır
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların və siyasi iradənin mövcud olduğu vurğulanıb.
Elmar Məmmədyarov yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkəmizdəki uğurlu fəaliyyətindən və əməkdaşlığın genişləndirilməsi üçün yaradılan imkanlarından danışıb. E.Məmmədyarov Motome Takisavanın bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edilib. Həmçinin diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad edilməsi haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirilib.
Motome Takisava ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verdiyini vurğulayıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.