ELM VƏ TƏHSİL
“Mövlana Mübadilə Proqramı” çərçivəsində professor-müəllim və tələbə mübadiləsi üçün nəticələr elan edilib
Bakı,22 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Respublikasının universitetləri arasında imzalanan proqram protokolları əsasında həyata keçirilən “Mövlana Mübadilə Proqramı” çərçivəsində 2016-2017-ci tədris ilində professor-müəllim və tələbə mübadiləsi üçün nəticələr elan edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, bu il universitetin 22 tələbəsi proqram çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Yıldız Texnik , Səlcuk, Anadolu, İzmir Katip Çelebi, Gazi, Sakarya, Kastamonuda təhsil almaq hüququ qazanıblar. Həmçinin bu il ötən illərə nisbətən Türkiyənin müxtəlif universitetlərindən proqram çərçivəsində UNEC-ə gələcək tələbələrin sayında da artım olub. Belə ki, cari ildə bu ölkədən gələcək 11 tələbə UNEC-in tədris prosesində iştirak edəcək.
Eyni zamanda, proqram çərçivəsində UNEC-in 6 müəllimi uğurlu nəticə göstərərək təcrübə keçmək üçün İstanbul, Səlcuk, Akdeniz və Sakarya universitetlərindən dəvət alıb. Mübadilə proqramında iştirak edən müəllim və tələbələrin bütün xərcləri YÖK (Yüksek Öğretim Kurulu Başkanlığı) tərəfindən ödəniləcək. Proqramı uğurla başa vuran müəllim və tələbələrə sonda “Mövlana Mübadilə Proqramının” sertifikatları təqdim ediləcək. Tələbələrin əldə etdikləri kreditlər UNEC tərəfindən müvafiq qaydada tanınacaq.
Qeyd edək ki, Türkiyə tərəfindən maliyyələşdirilən və türkdilli ölkələrin ali təhsil müəssisələri arasında professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan “Mövlana Mübadilə Proqramın”da son iki ildə UNEC fəal iştirak edir.