MƏDƏNİYYƏT
Mstislav Rostropoviçin 90 illik yubileyi Vaşinqtonda qeyd edilib
Vaşinqton, 26 aprel, AZƏRTAC
Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə ABŞ paytaxtının ən məşhur Con Kennedi İncəsənət Mərkəzində Azərbaycanda anadan olmuş maestro Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri, ABŞ Konqresinin üzvləri və nüfuzlu incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən keçmiş ABŞ senatoru Riçard Luqar Mstislav Rostropoviç sənətinə dərin hörmət bəslədiyini qeyd edib. O, 1977-ci ildə M.Rostropoviç ABŞ Milli Simfonik Orkestrinin dirijoru kimi fəaliyyətə başlayan zaman onun özünün də senator olaraq Vaşinqtona işləməyə gəldiyini bildirib.
Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak çıxış edərək M.Rostropoviçi gözəl musiqiçi kimi təsvir edib və dahi sənətkarın xatirəsini yaşatmaq üçün Rusiyanın və dünyanın bir sıra şəhərlərində, eləcə də Bakıda konsertlərin təşkil olunduğunu qeyd edib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək tədbirin təşkilinə görə Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna təşəkkürünü bildirib. Səfir dahi sənətkar M.Rostropoviçin Azərbaycanda anadan olduğunu və daha sonra dünyanın müxtəlif ölkələrində işləyərək fərqli mədəniyyətləri bir-birinə bağladığını qeyd edib. E.Süleymanov bu günlərdə Bakıda M.Rostropoviçin şərəfinə 9-cu Beynəlxalq Musiqi Festivalının keçirildiyini vurğulayıb. Səfir sözügedən festivalın 2007-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə keçirildiyini diqqətə çatdırıb.
Tahir Salahov Ev Muzeyinin direktoru Səadət Mirzəyeva çıxış edərək tanınmış rəssam T.Salahovla dahi musiqiçi M.Rostropoviçin uşaqlıq dostları olduqlarını bildirib və 1998-ci ildə T.Salahovun M.Rostropoviçin şəklinin eskizini çəkdiyini qeyd edib. Sonra S.Mirzəyeva həmin eskizin surətini Amerika-Rusiya Mədəniyyət Əməkdaşlığı Fonduna hədiyyə edib və eskiz əsasında yaradılmış rəsm əsərinin Con Kennedi İncəsənət Mərkəzində M.Rostropoviçin 90 illik yubileyinin keçirildiyi zalın girişində nümayiş etdirildiyini söyləyib.
Daha sonra incəsənət xadimləri çıxış edərək M.Rostropoviçlə bağlı xatirələrini bölüşüb və müxtəlif musiqi parçaları ifa ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton