CƏMİYYƏT


Müalicəvi vannalar

Bakı, 9 iyun, AZƏRTAC

Latınca balneologiya adlanan vannalarla müalicə mineral suların fiziki-kimyəvi xüsusiyyətlərini və onun müalicə-profilaktik məqsədlə tətbiqini öyrənir. Balneoloji prosedurlar dərinin reseptorlarını qıcıqlandıraraq orqanizmə həm yerli, həm də ümumi təsir göstərir. Onun hipertermal, mineral, karbon turşulu, qovucuqlu, radon və s. növləri var.

Gigiyenik və müalicə məqsədilə tətbiq edilən su vannaları ümumi, yerli və yarımçıq olmaqla üç qrupa ayrılır. Ümumi vannalarda baş hissədən başqa bütün bədən suyun içərisində olur, yarımçıq vannalar isə qurşağa qədər qəbul edilir. Yerli vannalarda isə bədənin müəyyən hissəsi, məsələn, çanaq, əl və ayaqlar suya salınır. Əllər üçün təyin olunan isti vannalar bronxial astma, xroniki bronxit, qlaukoma, irit, rinit, traxeit, ayaq üçün olan soyuq vannalar isə xroniki miqren, başgicəllənmə və ümumi zəiflik zamanı tətbiq olunur.

Temperaturu 20 dərəcədən aşağı olan vannalar soyuq, 35 dərəcəyədək olanlar sərin, 40 dərəcəyədək olanlar ilıq, 40 dərəcədən yuxarı olanlar isti və çox isti vannalar hesab edilir. İsti vannalar maddələr mübadiləsini sürətləndirir, damarları genişləndirir və onu 5 dəqiqədən artıq qəbul etmək məsləhət deyil. Döş qəfəsi sudan nə qədər aralı olsa, ürək də o qədər yükdən uzaq olur. İlıq vannalar orqanizmi sakitləşdirir və yorğunluğun qarşısını alır, onu 15 dəqiqədən artıq qəbul etmək olmaz. Soyuq vannalar dərinin tonusunu artırır, ürək-damar və sinir sisteminin fəaliyyətini stimullaşdırır. Onun qəbulu 2 dəqiqədən artıq olmamalıdır.

Vannalar tərkibinə görə də təsnif edilir: sudan ibarət olanlar, bitki dəmləməsi və müxtəlif mineral duzlar qatılmış vannalar var. Vanna qəbulu xoş prosedur olmaqla yanaşı, terapevtik təsirə malikdir. Onun qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə müsbət təsir göstərir. Vannanın suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. effektlər vermək olar. Xalq təbabətində istifadə olunan vannalar daha çox radikulitlər, artrit, podaqra, sinir sistemi xəstəlikləri, kürək, bel və çiyin ağrılarında tətbiq edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.