ELM VƏ TƏHSİL
“Müasir Azərbaycan Peşəkarları” layihəsi üzrə məzunlar işlə təmin ediliblər
Bakı, 22 iyun, AZƏRTAC
“Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində 37 məzun işlə təmin olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19 şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında birillik təhsil müddətində bərbər ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama, həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud olan üç şagird inklüziv təhsilə cəlb edilməklə istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıb.
Qeyd edək ki, “Müasir Azərbaycan Peşəkarları” layihəsinin icrasına 2013-cü ildən başlanılıb. Layihə peşə təhsili sistemində dövlət-biznes əməkdaşlığının qurulmasına, peşə təhsilli məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn və işəgötürənlərlə əməkdaşlığa əsaslanan və sosial xarakter daşıyan bu layihə çərçivəsində ilk-peşə ixtisas təhsil müəssisələrində quru-inşaat və suvaq işləri ustası ixtisasları üzrə “Knauf”, bərbər və vizajist ixtisasları üzrə “Eldar Studio” kimi özəl şirkətlərlə kadr hazırlığı aparılmaqdadır.
Layihə çərçivəsində gənclərin peşə təhsilinə cəlb olunmaları, peşə təhsilinin nüfuzunun artırılması, özəl sektorla təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, müasir tələblərə cavab verən resurs mərkəzlərinin yaradılması, təhsil vəsaitlərinin, dərslik və materialların hazırlanması kimi tədbirlər həyata keçirilir.