REGİONLAR
Müasir Azərbaycan tarixinin yaradıcısı VİDEO
Balakən, 12 dekabr, AZƏRTAC
Balakənlilər xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on birinci ildönümünü dərin hörmət və ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri dekabrın 12-də səhər saatlarından başlayaraq Balakən şəhərindəki mədəniyyət və istirahət parkına gələrək, Ulu Öndərin dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyiblər.
Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb, dahi rəhbərə sonsuz məhəbbət və ehtiramlarını bildiriblər.
Qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, əvəzedilməz bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub. Harada olmasından asılı olmayaraq, dünyanın istənilən yerində hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətini əziz xatirə kimi daim yad edir.
Tədbirin sonunda Ulu Öndərə həsr olunan film nümayiş etdirilib.