MƏDƏNİYYƏT


Müasir İncəsənət Muzeyində “Xoşbəxtlik düsturu” sərgisi açılıb

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı Namiq Məmmədovun “Xoşbəxtlik düsturu” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində rəssamlar Səlhab Məmmədov, Altay Sadıxzadə, İnna Kostina Namiq Məmmədovun yaradıcılığından söz açıblar.

Bildirilib ki, Namiq Məmmədovun bəzi əsərləri dövlət və şəxsi kolleksiyalarda – Müasir İncəsənət Muzeyi (Bakı), Milli İncəsənət Muzeyi (Bakı), Türksoy Qalereyası (Ankara), İslam İncəsənət Mərkəzi (Moskva), eləcə də Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və digər ölkələrdə saxlanılır. O, regional və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın yaradıcılığı haqqında Azərbaycan Televiziyası tərəfindən verilişlər çəkilib.

Namiq Məmmədov sərginin təşkilinə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Mayın 31-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Bu əsərlərin arasında rəssamın “Dua” adlı pastellər silsiləsi var. Kağız fonda güclə nəzərəçarpan plastik obrazlar uzun illərboyu rəssamı müşayiət edən qoruyucu mələklər kimi asta, sonsuz bir karvan tək bir-birini əvəz edir.

Namiq Məmmədovun bir çox əsərlərində dərin sakrallıq duyulur, lakin təsvir hər hansı ünvanlı rəmzləri təcəssüm etdirmir. Bu gün rəssam yaradıcılıq ideyaları ilə və güclə doludur və kim bilir, rəngkarlıq adlanan bu sonsuz dünyada davam edən xoşbəxtlik düsturunun səyahətində hələ nə qədər yeni-yeni formal və obrazlı həll variantları meydana çıxacaq. Bir şeyi dəqiq deyə bilərik: bu proses dayanan deyil.

Namiq Məmmədov 1957-ci il dekabrın 23-də Gəncədə anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinin məzunu olub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssam yaradıcılıq fəaliyyətinə 1982-ci ildə keçirilən “Gənclərin yaradıcılıq həftəsi” adlı sərgidə nümayiş etdirdiyi “Bizim bağ” və “Gimnastika” adlı əsərləri ilə başlayıb. O, hazırda Bakıda yaşayır və işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.